Vaxt keçdikcə COVİD-19-un fərqli növlərini görəcəyik

Bir sıra ölkələrdə, o cümlədən Rusiyada COVİD-19 virusunun yeni mutasiyası - AY.4.2 yayılmağa başlayıb.

Day.Az bildirir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib.

Həkim qeyd edib ki, COVİD-19 virusunun bu mutasiyası ilk dəfə Böyük Britaniyada aşkarlanıb. Britaniyada ümumi yoluxanların 15 faizi AY.4.2-yə yoluxub.

O qeyd edib ki, ölkəmizdə COVİD-19 virusunun bu mutasiyasına bu günə qədər yoluxan olmayıb: "Bu növ, əsasən, İsrail, Rusiya və Türkiyədə yayılmağa başlayıb. Biz bundan sonra da COVİD-19 virusunun yeni növlərini görəcəyik. Mutasiyaya uğramaq bu xəstəliyin bioloji xüsusiyyətidir. Yeni mutasiya baş verdikdə ilk vaxtlar güclü yayılır. Bu da çox insanın xəstələnməsinə səbəb olur. Sonradan vaxt keçdikcə zəifləyir. COVİD-19 virusunun yeni mutasiyasına görə təşvişə düşməyə ehtiyac yoxdur. Ümumən, COVİD-19 virusuna yoluxanların əgər yan xəstəlikləri varsa, həmin şəxslər xəstəliyi ağır keçirirlər.

Son günlər ölkəmizdə COVİD-19 virusuna yoluxanların sayı getdikcə artır. Hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması vacibdir. Xüsusən, tibb işçiləri, xidmət sahələrinin işçiləri, yaşı 65-dən yuxarı şəxslərin 3-cü doza vaksinasiyası sürətləndirilməlidir.

Ümumiyyətlə, hamı üçüncü doza peyvədi vurdurmalıdır. Həmçinin, insanların gigiyena qaydalarına riayət etməsi, sosial məsafə saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunmasi vacibdir".