Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışının həyata keçirilməsi böyük əhəmiyyət daşıyır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində onun iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışının həyata keçirilməsi böyük əhəmiyyət daşıyır.

Day.Az bildirir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanı 8 ay ərzində, həm də ən müasir beynəlxalq standartlara uyğun olaraq inşa edilib: "Belə qısa müddət ərzində inşa edilən hava limanına beynəlxalq hava limanı statusunun verilməsi isə həm görülən işlərin yüksək peşəkarlıqla həyata keçirilməsindən, həm Azərbaycanın bütövlükdə işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələrə qlobal miqyasda verilən önəmdən, dövlətimizin ərazi bütövlüyünə nüfuzlu beynəlxalq təsisatlar çərçivəsində verilən dəstəkdən, həmçinin ölkəmizin bu bölgədə davamlı təhlükəsizliyi, sabitliyi təmin etmək gücündə olduğunun qəbul olunmasından xəbər verir. Şübhəsiz ki, belə bir hadisəni daha da əhəmiyyətli edən Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanmanın həyata keçirilməsi və bu ilk uçuşun qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə kerçəkləşməsidir.

Qardaş ölkənin prezidenti artıq ikinci dəfədir ki, işğaldan azad edilmiş ərazilərimizə səfər edir. İlk səfər bütün dünyaya Azərbaycan - Türkiyə qardaşlığının, dostluğunun, həmrəyliyinin əbədi olacağı barədə mesaj verən, XX və XXI əsrlərin ən mühüm tarixi hadisələrindən biri sayılacaq Şuşa Bəyənnaməsinin imzalanması idi. İndi isə Azərbaycan və Türkiyənin Qarabağın, bölgənin inkişafı üçün nəzərdə tutduqları hədəflərin necə gerçəkləşdiyinin şahidi oluruq. Qarabağda həyata keçirilən bütün layihələr, o cümlədən Füzuli Beynəlxalq Hava limanı Azərbaycanın və onun ayrılmaz bir parçası olan Qarabağın regional və subregional hab statusunu daha da möhkəmləndirir, qlobal geoiqtisadi proseslərdə Azərbaycan və Türkiyənin fəal iştirakları üçün yeni imkanlar açır".

E.Mirzəbəyli vurğulayıb ki, bu gün bölgənin mənzərəsinin dəyişməsində iki qardaş dövlətin qarşılıqlı faydalı əməkdaşlığının böyük rolu var: "Məhz Azərbaycan və Türkiyənin ayrı-ayrılıqda və birgə təşəbbüsləri nəticəsində həyata keçirilən enerji və nəqliyyat dəhlizləri lahəhələri Cənubi Qafqazda sülhün, əminamanlığın, təhlükləsizliyin təmin edilməsinə mühüm töhfələr verib, təkcə vahid bir xalqın deyil, regionda yaşayan bütün xalqların firavan həyatlarının təmin edilməsi üçün geniş imkanlar açıb.

Cənab Ərdoğanın səfəri, həmçinin səfər çərçivəsində həyata keçirilən açılış və təməlqoyma mərasimləri Azərbaycan və Türkiyənin bundan sonra da çiyin-çiyinə dayanaraq, gələcək hədəflərinə doğru qətiyyətlə addımlayacaqlarından xəbər verir".