Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycan tarixində unudulmaz səhifə açdı

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışının edilməsi müasir Azərbaycan tarixində unudulmaz səhifə açdı.

Day.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Füzuli Beynəlxalq Hava Limanı Qarabağdan dünyaya açılan yeni hava qapımızdır və iqtisadi əhəmiyyəti çox böyükdür: "İlk növbədə, qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası müasir texnologiyalara əsaslanaq inşa edilir. Müasir texnologiyalar da əsasən xaricdən idxal edilir. Füzuli hava limanının açılışından sonra işğaldan azad olunmuş ərazilərə təyinatlı yüklərin Bakıya gətirilərək daşınmasına ehtiyac qalmayacaq. Bu yüklərin birbaşa Qarabağa gətirilməsi həm vaxt itkisinin, həm də əlavə xərclərin yaranmasının qarşısını alacaqdır".

A.Badamov bildirib ki, Qarabağ iqtisadi rayonunun böyük iqtisadi potensialı var: "Burada yeni müəssisələr qurularaq istehsal sahələri ərsəyə gələndən sonra malların ixrac edilməsində Füzuli hava limanının böyük əhəmiyyəti olacaq. Füzuli hava limanı yerli sakinlərin Qarabağa səfərini asanlaşdıracaq. Həm də işğaldan azad olunmuş ərazilərdə memorial komplekslərin tikilməsi, mədəniyyət və tarixi abidələrin bərpa olunması həmin ərazilərin turizm potensialını artırır ki, bu da xarici turistlərin birbaşa Qarabağa gəlməsini asanlaşdıracaq".

A.Badamov əlavə edib ki, Füzuli hava limanının 8 ayda inşa edilməsi həm də Azərbaycanın iqtisadi gücünün göstəricisidir: "Heç bir xarici mənbədən yardım və ya kredit almadan müharibədən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə böyük maliyyətutumlu layihələr icra etməyimiz Prezident İlham Əliyevin iqtisadi siyasətinin uğurudur. Tezliklə Zəngilan və Laçın hava limanları da tikiləcək, yaşayış məntəqələri müasir şəkildə inşa edilərək keçmiş qaçqınlarımız da öz yurdlarına qayıdacaqlar. Bu, həm də Azərbaycanın gələcəyə baxışının və niyyətinin ifadəsidir".