COVID-19-un yeni ştammı - "AY.4.2" nə dərəcədə təhlükəlidir?

Bütün dünyada geniş yayılmağa başlayan AY.4.2 ştammı xüsusiyyətlərinə görə delta ştammına bənzəsə də yayılma sürəti dəfələrlə çoxdur. Səbəbsə virusun insan orqanizmində mutasiyaya uğramasıdır. Bəs necə olur ki, virus mutasiyaya uğrayır və yeni ştammlar yaranır? Əməkdaşlarımız hamıya maraqlı olan bu suala mütəxəssislərdən cavab almağa çalışıb.

Day.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yeni yaranan AY.4.2 ştammı mutasiyaya uğradıqca onların yoluxduruculuq qabiliyyəti də artır. Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev bildirib ki, virus yaşamaq üçün mutasiyaya uğrayır və nəticədə sürəti artır.  Hazırda COVID-19 yeni aşkarlanandakı ilə müqayisədə 50-60 dəfə sürətlə yayılmağa başlayıb. 

Adil Allahverdiyev bildirib ki, son zamanlar uşaqlarda yoluxma halının daha çox görülməsi həm "Delta ştammı", həm də xəstəliyin klinik əlamətlərinin əvvəlkindən fərqli olaraq qripə bənzərliyidir. Bununla da insanlarda klinik yanılma olur. 

Adil Allahverdiyev qeyd edib ki, virusa qarşı mübarizə aparmaq üçün əhalinin ən azı 70-80%-i vaksin olunmalıdır. O əlavə edib ki, günümüzdə mutasiyalar olsa da mövcud vaksinlərin təsir effekti hələ də var. Əgər vaksinlərin qoruyuculuq qabiliyyəti 50%-dən aşağı enərsə bu zaman vaksinlərin dəyişdirilməsinə, yenilənməsinə ehtiyac yarana bilər.