Dəri emalında problem

Azərbaycanda yüngül sənayenin inkişafı məqsədi ilə ölkədən dəri ixracına tətbiq olunan gömrük rüsumu bu aydan etibarən qüvvədən düşüb. Bu səbəbdəndir ki, artıq xam dəri alışı ya mümkünsüz olub, ya da tədarükçülər dəri satışını olduqca baha qiymətə təklif edirlər. Mövcud vəziyyət haqlı olaraq dəri emalı ilə məşğul olan şəxslərin narazılığına səbəb olur. Bu ilin may ayında Yevlax şəhərində yerləşən dəri emalı zavodunun Emre Dericilik şirkətinə satılmasıyla sözügedən zavod 5 illik kirayəyə götürülüb. Lakin qərarın qüvvədən düşməsi ilə zavodun fəaliyyətinin dayanma təhlükəsi yaranıb.

Day.Az Real TV-yə istinadən xəbər verir ki, aydındır ki, ölkədə dəri emalı zavodlarının fəaliyyət göstərməsi üçün xam dərinin ixracına qadağa qoyulması və yarımfabrikatların ixracına gömrük rüsumu tətbiq olunması vacib amildir. İlk növbədə ona görə ki, tam emal olunmuş dərinin yerli bazara çıxarılması daxildə qiymətlərin idxala nisbətən çox ucuz satılmasına, ixrac olunması isə ölkəyə əlavə valyutanın daxil olmasına şərait yaradır.

Heç şübhəsiz, sözügedən məsələ ilə bağlı aidiyyatı qurumlar qərarın yenidən qüvvəyə minməsi üçün əməli addımlar atacaqlar. Xatırladaq ki, dəri ixracına tətbiq olunan gömrük rüsumunun müddəti cari ilin noyabrın 2-dən qüvvədən düşmüş sayılır.