Bolqarıstan Azərbaycandan razılaşdırılmış qaz həcminin yalnız üçdəbir hissəsini əldə edir

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisində ləngimələrlə əlaqədar Bolqarıstan Azərbaycandan illik 1 milyard kubmetr razılaşdırılmış qaz həcminin yalnız üçdə bir hissəsini əldə edir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov yerli KİV-lərə deyib.

"2013-cü ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış saziş 25 il müddətinə ildə bir milyard kubmetr qazın tədarükünü nəzərdə tutur. 2020-ci il dekabrın 31-də Azərbaycan qazı Bolqarıstana daxil olmağa başlayıb. Qaz axını Komotini şəhərindən Stara Zaqorayadək IGB vasitəsilə nəql olunmalı idi. Amma interkonnektorun tikintisinin ləngiməsi ilə əlaqədar Azərbaycan qazı alternativ marşrut - Siderokastro-Kulata xətti ilə nəql olunur", - deyə səfir bildirib.

Səfir qeyd edib ki, həmin xəttin texniki göstəriciləri qaz tədarükün tam həcmdə həyata keçirməyə imkan vermir.

"Bildirmək istəyirəm ki, IGB istismara verilən kimi, Bolqarıstan 2013-cü il sazişinə uyğun olaraq Azərbaycan qazını tam həcmdə almağa başlayacaq", - H.Hüseynov vurğulayıb.