“Peşəkarlıq kəllə sümüyünün içində olan beyindən gəlir..."

"Dəqiqədə bir jurnalistlər mənə zəng edib deyirlər ki, filankəsin nömrəsini ver. Bu günə qədər kimsə deyə bilməz ki, İradə İsaq bizdən kiminsə nömrəsini istəyib. Mən özüm müsahiblərimi ayaqla axtarıb tapıram. Jurnalistikada istedad çox vacibdir".

Tanınmış telejurnalist İradə İsaqın efirdə bu çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Day.Az xəbər verir ki, mövzu ilə bağlı moderator.az-a aparıcı Aytən Səfərovanın fikirlərini öyrəndik. O, bizimlə söhbətində mobil telefonun peşəkar jurnalistin yalnız köməkçisi ola biləcəyini qeyd etdi:

"İradə İsaqın dəsti-xəttinə, qələminə hörmətim var. Onu kifayət qədər peşəkar jurnalist hesab edirəm. Ancaq fikrim onunku ilə üst-üstə düşməyə bilər. İradə İsaqın dedikləri 80-90-cı illərdə idi. Müsahibə şəhər telefonu ilə zəng edir, əgər həmin insanı evdə tapmırdınsa başlayırdın onu ayaqla axtarmağa. Amma bu gün telefonla əlaqə saxlaya bilirəmsə, nəyə görə mən vaxtımı israf edib ayaqla kiminsə dalınca düşməliyəm?  Müsahibimin telefon nömrəsi varsa, bu mənim işimi daha da asanlaşdırır və reportajımın peşəkarcasına hazırlanmasında məni bir addım öndə göstərir. Bu həm vaxt baxımından qənaətdir, həm də enerjimizə. 

Telefonla kimisə axtarıb tapmağın nəyi pisdir ki? Bu normal bir şeydir. Bu gün mobil telefonlar dünyasında yaşayırıqsa hər hansı bir insanın dalınca düşüb, onu tapınca niyə də o vaxtı israf etməliyəm? Mobil telefonla zəng edib, harda olduğunu öyrənib, gedib müsahibə götürərəm. Jurnalist peşəkarlığı telefon nömrəsi istəməklə, ya da verməklə ölçülmür. Peşəkarlıq texniki məsələlərlə bağlı deyil, beyinlə bağlıdır. Peşəkarlığı jurnalistin başının, kəllə sümüyünün içində olan beyindən gəlir. Mobil telefon peşəkar jurnalistin yalnız köməkçisi ola bilər. Onun işini əngəlləyən vasitə deyil".