Müavinətlər üzrə 398 mln. manat, təqaüdlər üzrə 264 mln. manat ödənilib

6 ayın göstəriciləri

800 minə yaxın şəxs müavinət və təqaüdlə təmin edilib.

2022-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 800 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.

Fonddan Trend-ə bildirilib ki, onlardan 434 min nəfəri sosial müavinətlə, 362 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 35% çox olmaqla 398 mln. manat, təqaüd ödənişləri üçün 27% çox olmaqla 264 mln. manat sərf edilib.

Son üç ildə 25 növ müavinət və təqaüdün də elektron sistem üzərindən proaktiv təyinatı sistemləri işə salınıb. 2022-ci ilin 6 ayında 144,1 min, ümumilikdə ötən dövrdə cəmi 365 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.