"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin payını 50 faizə çatdırmağı planlaşdırır

"MasterCard" Azərbaycan bazarında nağdsız ödənişlərin payını 50 faizə çatdırmağı planlaşdırır.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu "MasterCard"ın Azərbaycandakı baş direktoru Avşar Gürdal "Google Pay" sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə rəqəmsal ödənişlərin həcmi 20 faiz təşkil edir və şirkət bu göstəricini 50 faizə çatdırmağı hədəfləyir.

"Bu göstəriciyə çatmaq üçün "MasterCard" həm Mərkəzi Bankla, həm də yerli tərəfdaş banklarla müvafiq işlər aparır", - deyə o bildirib.

A.Gürdal əlavə edib ki, "MasterCard" ödənişlərin rəqəmsallaşmasının sürətləndirilməsi üçün Azərbaycanla innovasiyalar, texnologiyalar və digər sahələrdə imkanlarını bölüşür.