"Google Pay"in işə salınması nağdsız ödənişlərin payını artıracaq

"Google Pay" və "Apple Pay" kimi həllərin işə salınması ümumi dövriyyədə nağdsız ödənişlərin payını əhəmiyyətli dərəcədə artıracaq.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu "MasterCard"ın Azərbaycandakı baş direktoru Avşar Gürdal "Google Pay" sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu cür ödəmə üsulu həm də təhlükəsizdir, belə ki, ödənişin həyata keçirilməsi üçün mobil qurğunun müvafiq parolu, barmaq izi və ya biometrik məlumatlar tələb olunur.

"Bu gün Azərbaycanda mobil qurğuların 70 faizi "Android" platformalarının payına düşür. "Google Pay"in işə salınması nağdsız ödənişlərin payını əhəmiyyətli şəkildə artıracaq", - deyə o bildirib.

Baş direktor əlavə edib ki, şirkət "MasterCard" sahibləri üçün müvafiq endirimlər də tətbiq edəcək.