Fermerlərə müjdə:

Ölkəmizdə pambıq yığımı ərəfəsində pambıqçılığın dəstəklənməsi istiqamətində növbəti addım atıldı. Pambığın alış qiyməti artırıldığından fermerlər bu məhsulu baha qiymətə sata biləcəklər. Bu məqsədlə pambığın alış qiyməti 50 manat artırılıb. Qiymət artımı  pambığın bütün növlərinə aiddir.

Day.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr aparıblar. Müzakirələr nəticəsində sahibkarlar məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.

Vüqar Hüseynov bildirib ki, bu ildən tədarük məntəqələrinə verilən pambığın hər tonuna görə fermərlərə 170 manat məhsul subsidiyası ödəniləcək.

Qeyd edək ki, bu il Azərbaycanda 100 min hektardan artıq sahədə pambıq əkilib. Gələn ayın əvvəlindən isə respublika ərazisində kütləvi pambıq yığımına start veriləcək.