Azərbaycanı beynəlxalq yükdaşımalar üçün cəlbedici edən səbəblər və əldə olunan dividendlər

Bu gün Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirilmiş birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması ölkəmizin nəqliyyat imkanlarının daha da artırılması baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi tərəfindən imzalanan Bakı Bəyannaməsinə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildirirlər və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.

Şimal-Cənub nəqliyyat dəhlizi hansı məqsədlə inşa edilir?

Azərbaycan 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş ilə təməli qoyulan nəqliyyat dəhlizinə 2005-ci ildə qoşulub. Dəhliz Hindistandan Rusiyaya, həmçinin Şimali və Qərbi Avropaya daşınan yüklərin çatdırılma vaxtını azaltmaq məqsədi ilə inşa olunur. Nəqliyyat dəhlizinin inşası çərçivəsində Azərbaycan müasir standartlara cavab verən infrastrukturun yaradılmasını hədəfləyir. Bu məqsədlə yeni yollar və körpülər inşa olunur. Ümumilikdə, 13 ölkə - Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Ukrayna sözügedən sazişi ratifikasiya edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivlərinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib ki, bu gün Şimal-Cənub dəhlizi ilə yük daşımaları ildə 0,5 milyon ton təşkil edir, perspektivdə bu göstəricini 4 milyon tona çatdırmaq planlaşdırılır. Dəmir yolu ilə ortamüddətli perspektivdə yük daşımalarını 6 milyon tona, uzunmüddətli perspektivdə 20 milyon tona çatdırmaq nəzərdə tutulur.

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizinin mərkəzində

Azərbaycan ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə, Bakı-Tiblisi-Qars dəmir yolu xəttinə beynəlxalq diqqət artdığı üçün hər il ölkəmizin ərazisindən yükdaşımada ciddi artım müşahidə olunur. Baş nazirin müavini Şahin Mustafayev bu gün Bakıda Rusiya və İran rəsmiləri ilə keçirdiyi görüşdə deyib ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan ərazisi ilə tranzit yükdaşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 47% çox olub. Həmçinin, təkcə cari ilin 6 ayında tranzit daşımalarının həcmi 50 faizdən çox artıb.

Avqustun 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasının Çolpon-Ata şəhərində qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı bildirmişdi ki, Xəzərdə yeni Ələt beynəlxalq dəniz ticarət limanından daşınan tranzit yüklərin həcmi artmaqdadır.

"Liman infrastrukturu ildə 100 000 TEU konteyner daxil olmaqla 15 milyon tona qədər yük daşımağa imkan verir. Bununla belə, yük daşımalarının artması və bununla bağlı proqnozlar onun buraxılış qabiliyyətinin artırılmasını tələb edir. Bunu nəzərə alaraq, biz limanın yükdaşıma qabiliyyətinin 25 milyon ton yükə və 500 min TEU konteynerə qədər genişləndirilməsi üzrə ikinci fazanın əsasını qoyduq".

Daşıma həcmlərinin artması ilə bağlı hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 2-ci mərhələ üzrə layihələndirmə işləri aparılır. 2-ci mərhələ başa çatdıqdan sonra limanın yükaşırma imkanı 25 milyon tona çatdırılacaq.

Azərbaycanı beynəlxalq yükdaşımalar üçün cəlbedici edən səbəblər

1. Transmilli şirkətlər üçün əsas hədəflərdən biri istehsal etdiyi məhsulu zavaddan istehlakçıya təhlükəsiz şəkildə çatdırmaqdır. Dünyada geosiyasi vəziyyət o qədər kövrəkdir ki, əksər ölkələr şirkətlərə təhlükəsizlik təminatı verə bilmir. Bu məsələdə transmilli şirkətlərin Azərbaycanla bağlı mövqeyi tam fərqlidir. Böyük korporasiyalar Azərbaycanın verdiyi təhlükəsizlik təminatına tam etibar edir. Çünki Azərbaycan dünyadakı gərgin siyasi təlatümlər, müharibələr, inqilablar fonunda bölgənin ən sabit dövləti statusunu bütün dövrlərdə qoruyub saxlaya bilib. Bu məqam Azərbaycanı transmilli yükdaşıma şirkətləri üçün cəlbedici dövlətə çevirir.

2. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Avropa İttifaqı dövlətləri ilə Çin, Hindistan və digər şərq ölkələri arasında yükdaşımalar üçün məsafə və müddət baxımından çox əlverişlidir.

3. Azərbaycanın keyfiyyətli nəqliyyat infrastrukturu - müasir standartlara cavab verən dəmir və avtomobil yolu şəbəkəsi transmilli şirkətlərin diqqətini cəlb edir. Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu ölkəmizin nəqliyyat imkanlarını daha da artırır. Həmçinin, Azərbaycan "Zəngəzur dəhlizi" layihəsi çərçivəsində bir sıra yolların, hava limanlarının tikintisini qısa müddətdə baş çatdırıb.

4. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi həm Cənubi Qafqaz regionunda, həm də dünyanın geosiyasi mənzərəsində yeni reallıqlar yaratdı. Xüsusilə, qeyd etmək lazımdır ki, Azərbaycanın qələbəsindən sonra gündəmə gələn "Zəngəzur dəhlizi" layihəsinin reallaşması ölkəmizin tranzit imkanlarını nəzərəçarpan dərəcədə artıracaq, dövlətimizin beynəlxalq nüfuzuna müsbət təsir göstərəcək. "Zəngəzur dəhlizi" Azərbaycan ərazisindən 5-8 milyon ton əlavə tranzit imkanları yaradır. Bundan başqa, Vətən müharibəsindən sonra ölkəmizin təşəbbüsü ilə yaradılması planlaşdırılan - Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan və Ermənistanın daxil olduğu 3+3 formatı regionda yeni nəqliyyat habının inşası ilə nəticələnə bilər. Təbii ki, region ölkələri arasında yaradılması planlaşdırılan nəqliyyat şəbəkəsinin əsas aparıcı qüvvəsi Azərbaycandır. Çünki ölkəmiz inşa olunan nəqliyyat şəbəkəsinin məkəzindədir və 3+3 formatına daxil olan bütün dövlətlərlə həmsərhəddir.

5. 24 fevral 2022-ci il tarixində Rusiyanın Ukraynaya hücumu ilə dünya tarixi yeni geosiyasi və iqtisadi dövrə qədəm qoydu. Moskvanın Kiyevə hərbi təcavüzünə etiraz olaraq, Avropa dövlətlərinin və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sərt sanksiyalar dünyanın nəqliyyat xəritəsinin kökündən dəyişməsi ilə nəticələnir. Çünki şərqdə yerləşən və Avropa ilə geniş ticarət əlaqələri olan Çin, Yaponiya və Cənubi Koreya kimi böyük iqtisadiyyata malik dövlətlər qərbə yükdaşımanı əsasən Rusiya ərazisindən həyata keçirirdi. Amma Rusiya-Ukrayna müharibəsinin başlaması fonunda Moskvaya tətbiq olunan sanksiyalar Rusiya ərazisindən yükdaşımanı kəskin azaldıb. Çünki şirkətlərin çoxu qərbin sanksiyalarından çəkindiyi üçün Rusiya ərazisindən yük daşımaqda maraqlı deyil. Belə bir məqamda həm qərb, həm də şərq şirkətləri yükdaşımanı intensiv və təhlükəsiz həyata keçirmək üçün yeni alternativ nəqliyyat dəhlizi tapmaq məcburiyyətindədirlər. Rusiyadan keçən Şimal dəhliz məlum səbəblərdən demək olar ki, bağlıdır. Çox hissəsi Əfqanıstan, İran, Suriya və İraqdan keçən Cənub dəhliz isə təhlükəlidir. Həm Əfqanıstan, Suriya və İraqın terror qruplaşmalarının əsas meydanı olması, həm də qərbin İrana tətbiq etdiyi sanksiyalar şirkətləri bu dəhlizdən çəkindirir. Şimal və Cənub dəhlizi öz effektivliyini itirdiyi üçün Azərbaycanın yerləşdiyi Orta dəhlizin əhəmiyyəti ciddi şəkildə artır. Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə, həmçinin, Qara dəniz vasitəsi ilə Avropaya uzanan dəhliz öz sabitliyi və etibarlılığı ilə transmilli şirkətlərin diqqətini çəkir. Vətən müharibəsindən sonra Azərbaycanla Ermənistan arasından sülh danışıqlarının başlaması, bölgədən keçən nəqliyyat xətlərinin açılması ilə bağlı aparılan müzakirələr Orta dəhlizin gələcəyinə ümidləri daha da artırır. Bu isə beynəlxalq güclərin Azərbaycana marağını çoxaldır.

Prezident İlham Əliyev müxtəlif beynəlxalq iqtisadi forumlarda, konfranslarda çıxışı zamanı bəyan edib ki, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üçün proqramlar aparılır. Təbii ki, Azərbaycanın nəqliyyat imkanlarının artması ölkə iqtisadiyyatının şaxələndirilməsi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir, iqtisadiyyatımıza böyük töhfədir. Proseslər göstərir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə neft-qaz sahəsində olduğu kimi, nəqliyyat dəhlizləri ilə bağlı da dünyanın aparıcı şirkətlərinin diqqətini cəlb etməyi, həm regionumuzda, həm də dünyada baş verən geosiyasi proseslərdən iqtisadi və siyasi dividendlər əldə etməyi bacarır. Xüsusilə vurğulanmalıdır ki, dünyanın böyük iqtisadiyyata malik dövlətlərinin, transmilli şirkətlərinin Azərbaycana göstərdiyi diqqət Prezident İlham Əliyevin "Bizim sözümüz imzamız qədər keçərlidir" ifadəsini sözdə deyil, əməldə də təsdiqləməsidir.

Elvin Səxavətoğlu
Trend