Erməni vandalları bu dəfə Azərbaycan səfirliklərini hədəf seçib

Media Təhlil Mərkəzi

Ermənilər tərəfindən tarixən Türkiyə və Azərbaycan  diplomatik korpuslarına qarşı çoxsaylı hücumlar olub və təəssüf ki, bu hal hazırda da təkrarlanır. Son günlərdə dünyanın bir sıra ölkələrində Azərbaycan səfirlikləri ilə bağlı erməni diasporunun vandalizm üzərində köklənmiş fəaliyyəti bunun növbəti təsdiqidir. Hətta iş o yerə çatıb ki, erməni vandalları hədəf kimi seçdikləri Azərbaycan səfirliklərinə qarşı barbar hücumlardan belə çəkinmirlər. Fransadakı Azərbaycan səfirliyi ilə bağlı baş verən hadisə bunun real təzahürüdür. 

Qeyd edək ki, erməni təxribatçıları Azərbaycanın Fransadakı səfirliyinin binasına basqın ediblər. Nəticədə təxribatçılar tərəfindən səfirliyin binasına qarşı vandal aktı törədilib. Məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev "Twitter" səhifəsində yazıb ki, fransız erməni fanatiklər səfirliyin binasına basqın edirlər: "Amma gəlin erməni barbarlarını bir kənara qoyaq. Cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı istəklərimizə məhəl qoymayan Fransaya ayıb olsun". 

Belə görünür ki, hüquq-mühafizə orqanlarının  verdiyi boşluqdan dərhal yararlana erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar. Daha sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa cəhd ediblər. Bu barbar əməllər videomüşahidə kameraları ilə qeydə alınıb. Həmin görüntülər bir daha təsdiq edir ki, erməni vandalları məqsədyönlü şəkildə Azərbaycan səfirliyinin binasına zərər vurmağa çalışıblar. 

Ümumiyyətlə, son günlərdə erməni diasporu müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayənədəliklərinə qarşı barbarlıqla, vandallıqla müşayiət olunan aksiyalar təşkil edirlər. Özü də bu zaman səfirliyə hücum cəhdləri özünü qabarıq büruzə verir. Məsələn, erməni diasporunun çoxluq təşkil etdiyi Livanı buna misal olaraq göstərmək olar. Elə bu günlərdə ermənilər Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər. Lakin Livanın polis əməkdaşları bunun qarşısını alıb və zəruri tədbirlər görülüb. Hətta ermənilərin bu zaman polisə hücumu da nəticə verməyib və səfirliyimizin təhlükəsizliyi təmin edilib.

Yaxud da sentyabrın 18-də Gürcüstanın erməni icmasının üzvlərinin təşkil etməyə çalışdığı aksiya bunun daha bir nümunəsidr. Belə ki, erməni vandalları Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında təyin etdikləri yürüş-aksiya baş tutmayıb.  Diplomatik nümayəndəliyimizin binasına doğru başlayan yürüş yarımçıq dayandırılıb. Gürcüstanın hüquq-mühafizə orqanları hər hansı mümkün təxribata və qarşıdurmaya yol verilməməsi üçün Azərbaycan səfirliyinin binası önündə ermənilərin aksiyasına icazə verilmədiyini bildirib. Bu çağırışlara məhəl qoymayan bəzi aksiya iştirakçıları və polis əməkdaşları arasında insident baş verib. Bir neçə aksiyaçı saxlanılaraq ərazidən uzaqlaşdırılıb.

Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında da aksiya keçirən ermənilər əsas məqsədlərinə, yəni səfirliyin binasına daxil olmaq arzularına çatmayıblar. Amma təəssüf ki, Fransada erməni barbarları məqsədlərinə qismən də olsa çatıblar. Fransadakı Azərbaycan səfirliyinə daxil olmaqla ermənilər Vyana Konvensiyasını  pozublar. 1961-ci il aprelin 18-də qəbul edilmiş "Diplomatik əlaqələr haqqında" Konvensiyanın 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, onun sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətin xüsusi vəzifəsidir. Ermənilər Parisdəki Azərbaycan səfirliyinə hücum etməklə Fransanı da pis vəziyyətdə qoyublar. 

Erməni diasporunun Azərbaycan səfirliklərini hədəf seçməsi sentyabrın 12-13-də Ermənistan-Azərbaycan sərhəd zonasında baş verən insidentlə bağlıdır. Həmin vaxt Ermənistan Silahlı Qüvvələrinin diversant qruplarının Azərbaycan Ordusuna qarşı fəaliyyətinə cavab olaraq atılan addımlar hərb meydanında ermənilərə verilən böyük dərs oldu. Döyüş meydanında aciz qalan ermənilər ənənələrinə sadiq qalaraq mülki-diplomatik obyektləri, dinc insanları hədəf seçiblər.

Azərbaycanın Fransadakı səfirliyinə hücum edən ermənilərin bu barbar hərəkəti Ermənistanın, onun diasporunun yenə də beynəlxalq hüquqa məhəl qoymadığını bir daha təsdiqləmiş oldu. Baş verən hadisə Azərbaycanın ərazi bütövlüyünə Ermənistanın növbəti hörmətsizliyi kimi qiymətləndirilməlidir. Çünki səfirlik beynəlxalq qanunlarla Azərbaycana məxsus  ərazidə fəaliyyət göstərir. Azərbaycana qarşı erməni vandallarının hücumu xaricdə də ermənilərin ölkəmizə qarşı təcavüzkar fəaliyyətindən əl çəkmədiyini göstərir. 

Ermənistanın, onun diaspor qüvvələrinin Azərbaycan səfirliklərinə qarşı barbar əməllərinə dünya birliyinin müvafiq reaksiya verməsi olduqca zəruridir. Əks halda diplomatik korpuslara qarşı radikal xarakterli fəaliyyətlə bağlı çox təhlükəli presedent yarana bilər. Bunun qarşısının indidən alınması, Azərbaycan səfirliklərinə qarşı aqressiv addımlar atan erməni diasporunun təmsilçilərinin cəzalandırılması çox önəmlidir.