Azərbaycan Qarabağa texniki missiya göndərməklə bağlı UNESCO-ya çağırış edib

Mexiko şəhərində davam edən "Mondiacult 2022" konfransı çərçivəsində mədəniyyət naziri Anar Kərimov "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusuna həsr olunmuş sessiyada çıxış edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, A.Kərimov çıxışında tədbir iştirakçılarının diqqətini Azərbaycanın 30 ilə yaxın dövr ərzində erməni işğalı altında olmuş ərazilərində Ermənistan tərəfindən törədilmiş etnik-mədəni soyqırıma yönəltmişdir. İşğal dövründə Azərbaycanın mədəni irsinə qarşı misli görünməmiş sistemli və məqsədyönlü əməllər nəticəsində çox sayda məscidlər, tarixi abidələr, müxtəlif mədəniyyət müəssisələrinin tamamilə dağıdıldığı qeyd edilmişdir.

Həmçinin, ölkəmizin tarixi-mədəni irsinə qarşı bu soyqırım əməllərinin beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılandığı təəssüflə qeyd edilmişdir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra genişmiqyaslı bərpa işlərinə başladığına diqqət çəkilmiş, bu kontekstdə mədəni irsin bərpasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Nazir bu baxımdan Azərbaycan ərazisində yerləşən mədəni irsin ölkəmizin mədəni müxtəlifliyini əks etdirdiyini bildirmiş və işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi çərçivəsində mənşəyindən asılı olmayaraq bütün mədəni və dini abidələrin qorunması və bərpasının vacibliyini ifadə etmişdir. A.Kərimov həmçinin, tezliklə işğaldan azad edilmiş ərazilərimizə texniki missiya göndərməklə bağlı UNESCO-ya çağırış ünvanlamışdır. Çıxışda qeyd olunanlarla yanaşı, ölkəmizin yeni təşəbbüsü olan "Mədəniyyət naminə sülh" qlobal çağırışına dair məlumat verilmiş, bu təşəbbüsün 2008-ci ildən Azərbaycan tərəfindən irəli sürülmüş, mədəniyyətlərarası dialoqu təşviq edən Bakı prosesinin əlavə ölçüsü olduğu bildirilmişdir. Sözügedən qlobal çağırışın dayanıqlı sülhün mədəniyyətə töhfəsinə vurğu etməklə, dünyanın müxtəlif bölgələrində mövcud post-münaqişə vəziyyətlərində sülhün təşviqi modeli kimi tətbiq edilə biləcəyinə istinad edilmişdir.

Sessiya zamanı nazir A.Kərimov həmçinin, ölkəmizin Qoşulmama Hərəkatının (QH) sədri qismində QH ölkələri adından bəyanat da səsləndirmişdir. Bəyanatda QH ölkələri irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyün bütün formalarını pisləyir, mədəni mülkiyyətin qorunması üçün milli, regional və beynəlxalq təşəbbüslərin əhəmiyyətini qeyd edir.