Planetimiz xroniki iqlim problemi ilə üz-üzədir

Əfsuslar olsun ki, təbiətlə bəşəriyyət sanki müharibədədir. Hamımız təbiətlə sülh içərisində olmalıyıq. Bəşəriyyət sülhü artıq bərqərar etməlidir, planetimizi qorumalıyıq.

Day.Az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos deyib.

İqlim dəyişikliklərinin həllinin qlobal çətinliklər arasında ən vacib fenomenlərdən biri olduğunu söyləyən Migel Anxel Moratinos bununla mübarizə istiqamətində COP29 konfransının əhəmiyyətini qeyd edib.

"Planetimiz xroniki iqlim problemi ilə üz-üzədir. Bunun bizim həyatımıza təsiri danılmazdır. Ədalətsizliklərə qarşı ciddi tədbirlər görülməlidir. Təbiətlə sülhün təmin olunmasında dini amil çox önəmlidir. İqlim dəyişikliyinə həssas insanlara qarşı biz də həssas olmalıyıq", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.