Prezident İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşüb - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdullah al-Alimi Bawazeer ilə görüşüb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Yəmən Respublikasının vitse-prezidenti Abdullah al-Alimi Bawazeer COP29-un mükəmməl səviyyədə keçirilməsinə və yüksək təşkilatçılığa görə təbriklərini çatdırdı. Yəmənin vitse-prezidenti vurğuladı ki, Azərbaycanın bu uğuru bütün İslam dünyasının uğurudur. O, bu günlərdə dünyanın hər yerindən xeyli sayda nümayəndələrin, dövlət və hökumət başçılarının Azərbaycana gəlməsini mühüm hadisə kimi qiymətləndirdi, COP29-da böyük nəticələrin əldə olunduğunu vurğuladı.
Qonaq Bakı şəhərinin gözəlliyinin onları valeh etdiyini dedi.
Abdullah al-Alimi Bawazeer torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. O, yəmənli tələbələrin hələ sovetlər dövründə Azərbaycanda təhsil aldıqlarını xatırladaraq, bu ənənələrin davam etdirilməsini xahiş etdi.
Dövlətimizin başçısı xoş sözlərə və təbriklərə görə təşəkkürünü bildirdi, COP29-un Azərbaycanda uğurla keçirilməsinin bizim müştərək uğurumuz olduğunu dedi.
Prezident İlham Əliyev işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində maddi mədəniyyət irsimizi, o cümlədən İslam dininə aid olan müqəddəs ibadətgahlarımızı, ocaqlarımızı darmadağın etdiyini, məscidlərdə donuz saxlayaraq təhqirlərə məruz qoyduğunu bildirdi.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib və Ermənistanın bu işğalına son qoyub.
Görüşdə İslam həmrəyliyinin vacibliyinə toxunuldu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olundu, Azərbaycan ilə Yəmənin daim bir-birinin yanında olduqları vurğulandı, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре