Bir çox inkişaf etmiş ölkələrdə müsəlman icmalarla bağlı dezinformasiya axını güclənməkdədir

Bir çox inkişaf etmiş ölkələrdə müsəlman icmalarla bağlı dezinformasiya axını güclənməkdədir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qatar media mərkəzinin direktoru Eyman Əl-Kəəbi Bakıda keçirilən "İslamafobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda beynəlxalq konfransda deyib.

"Bu gün rəqəmsal texnologiyalar və süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə, məhz rəqəmsal mühitdə ümumi qavrayış və ümumi əhval-ruhiyə formalaşır. Bu sistemlər çox vaxt obyektivlikdən məhrumdur, rəqəmsal platformalar isə artıq gündəlik həyatımızda əsas rol oynamaqdadır. Onlar getdikcə daha genişmiqyaslı və təsirli olurlar", - deyə o qeyd edib.

Onun sözlərinə görə, məhz sosial şəbəkələr üzərindən ən çox qərəzli və stereotiplərə söykənən təsəvvürlər yayılır.

"Süni intellekt və rəqəmsal texnologiyalar sürətlə inkişaf edir və bu fonda bir çox inkişaf etmiş ölkələrdə müsəlman icmaları və digər qruplar haqqında dezinformasiya axını güclənir", - deyə əl-Kəəbi bildirib.

O qeyd edib ki, süni intellekt insana zərər vermək məqsədilə də istifadə oluna bilər, çünki o, təlim aldığı verilənlər bazası - dəyişikliyə ehtiyac duyan informasiyalardır. Lakin bu sahəyə nəzarət edənlər vəziyyəti dəyişməkdə maraqlı deyillər.