Azərbaycan qlobal enerji xəritəsində liderliyini bir daha nümayiş etdirir - Azər Qarayev

Azərbaycan qlobal enerji xəritəsində liderliyini bir daha nümayiş etdirir.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Hazırda Bakıda keçirilən 30-cu "Baku Energy Forum" və "Bakı Enerji Həftəsi" regionun və dünyanın enerji sahəsindəki diqqətini yenidən Azərbaycana yönəldib. Bu tədbir təkcə ənənəvi enerji sərgilərinin davamı deyil, həm də Azərbaycanın enerji siyasətindəki strateji baxışını, qlobal əməkdaşlığa verdiyi töhfəni və gələcəyə dair planlarını nümayiş etdirən mühüm beynəlxalq platformadır. Bu tədbirlərlə Azərbaycan qlobal enerji xəritəsində liderliyini bir daha nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Forumun rəsmi açılış mərasimində etdiyi çıxış və tədbir iştirakçılarına ünvanladığı müraciət həm ölkəmizin enerji sahəsində keçdiyi yolu, həm də qarşıdakı hədəfləri dəqiqliklə ortaya qoyur", - o bildirib.
Onun sözlərinə görə, Forumun 30-cu ildönümü Azərbaycanın müstəqillikdən sonrakı enerji siyasətinin əlamətdar bir mərhələsidir.
"Bu 30 ildə Azərbaycan nəinki öz enerji ehtiyatlarını dünya bazarlarına çıxarmağı bacarıb, eyni zamanda, enerji infrastrukturunu yenidən quraraq beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün Azərbaycan sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir: "Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir". Bu da təbii ki, çox böyük nailiyyətdir. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə təməli qoyulan neft strategiyası təkcə iqtisadi müstəqilliyi təmin etmədi, eyni zamanda Azərbaycanın geosiyasi çəkisini dəfələrlə artırdı. Bu dövrdə "Azəri-Çıraq-Günəşli" yatağının istismarı, Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ) boru kəmərlərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin uğurla icrası və TAP layihəsi Azərbaycanın enerji infrastrukturunu beynəlxalq şəbəkəyə bağladı", - o bildirib.
A.Qarayev qeyd edib ki, bu gün Azərbaycan Avropa enerji təhlükəsizliyində unikal rol oynayır.
"Enerji təhlükəsizliyi bu gün dünyanın aparıcı güclərinin gündəmində duran əsas məsələlərdən biridir. Azərbaycan isə bu məsələdə qitənin strateji tərəfdaşına çevrilib. Prezident İlham Əliyevin də çıxışında vurğuladığı kimi, bu gün Azərbaycan 12 ölkəyə qaz ixrac edir. Ötən il isə bu rəqəm 8-ə bərabər idi: "Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir. Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük". Yəni bu, Azərbaycanın Avropaya qaz ixrac edən əsas ölkələrdən birinə çevrildiyini sübut edir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa qaz tədarükündə alternativ mənbələr axtararkən, Azərbaycan etibarlı və sınaqdan çıxmış tərəfdaş olaraq ön plana çıxdı", - o bildirib.
Politoloqun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış strateji saziş Avropa Komissiyasının rəhbər şəxslərinin də Bakıya dəfələrlə səfəri bu əməkdaşlığın gələcəyinin çoxşaxəli və dayanıqlı olacağını göstərir: "Azərbaycan təkcə qaz ixracatçısı kimi deyil, həm də siyasi sabitlik və etibarlı tranzit ölkəsi kimi mühüm rol oynayır".
A.Qarayev Azərbaycanın "yaşıl" enerji gündəliyinə də toxunub.
"Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Prezident İlham Əliyevin də bildirdiyi kimi, neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir: "Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək". Yəni Azərbaycan bu gün regionda energetikanın hər sahəsində - həm neft, həm qaz, həm "yaşıl" enerji, həm də enerjinin tranziti - liderlik mövqeyindədir. Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan olunub. Bu ərazilərdə günəş və hidroenerji potensialı çox yüksəkdir. Eyni zamanda Xəzər dənizində külək enerjisi üzrə layihələr işlənilir. Bu səbəbdən də əminliklə demək olar ki, Azərbaycan bu istiqamətdə də gəlcəkdə lider dövlət olacaq", - o bildirib.
O qeyd edib ki, "Baku Energy Forum" çərçivəsində keçirilən tədbirlərdə onlarla ölkədən yüzlərlə şirkət iştirak edir.
"Forumun işinə dövlət başçıları, nazirlik nümayəndələri, transmilli enerji şirkətlərinin rəhbərləri qatılıb. Bu isə onu göstərir ki, Bakı artıq beynəlxalq enerji diplomatiyasının vacib mərkəzlərindən birinə çevrilib. Azərbaycan Prezidenti forum iştirakçılarına ünvanladığı müraciətdə isə ölkəmizin enerji siyasətindəki əsas prinsip və prioritetləri aydın şəkildə ifadə edib: "Bu mühüm tədbir enerji sahəsində nailiyyətlərimizin təqdimatı və gələcək prioritetlərin müzakirəsi üçün önəmli platforma rolunu oynayır. Biz artıq sayca 30-cu tədbirdə - yubiley tədbirində iştirak edirik ki, bu da onun uğurlu tarixini və əhəmiyyətini bir daha təsdiqləyir". Bu mesaj Azərbaycanın yalnız texniki imkanları ilə deyil, həm də siyasi etibarlılığı ilə seçildiyini göstərir. Bu gün enerji sahəsində geosiyasi sabitlik, uzunmüddətli planlama və hüquqi şəffaflıq əsas meyarlardır və Azərbaycan bu parametrlərin hamısına cavab verir", - o bildirib.
Yekunda A.Qarayev vurğulayıb ki, Azərbaycan bu gün dünya enerji bazarında təkcə resurs sahibi kimi deyil, həm də siyasi və diplomatik tərəfdən də əsas oyunçu kimi çıxış edir.
"Baku Energy Forum" bir daha göstərdi ki, ölkə enerji sahəsində yalnız neft və qaz ixrac etməklə kifayətlənmir, həm də regionda və dünyada enerji dialoquna liderlik edir. Prezident İlham Əliyevin strateji baxışı, uzunmüddətli planlamaları və siyasi iradəsi Azərbaycanın bu sahədəki uğurlarının əsas təminatıdır. Azərbaycanın enerji siyasəti artıq milli sərhədləri aşaraq Avrasiyanın enerji xəritəsini formalaşdıran başlıca faktorlar sırasında yer alır", - o əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре