Süni torpaq sahələrində kazino oyunlarının təşkili qaydaları müəyyənləşir:

Süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi üçün hüquqi əsas yaradılır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında kazino oyunları bu qanunun tələbləri nəzərə alınmaqla yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə biləcək.

Bu qanunun məqsədləri üçün kazino oyunları dedikdə süni torpaq sahələrində həmin oyunların təşkili və keçirilməsi üçün xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə rulet çarxı, kart, oyun masaları, zər və oxşar oyun avadanlığı, habelə slot oyun avtomatları vasitəsilə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar başa düşülür. "Lotereyalar haqqında" Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalar və "Bədən tərbiyəsi və idman haqqında" Qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları kazino oyunları hesab olunmayacaq.

Kazino oyunlarının virtual formada, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalar vasitəsi ilə təşkilinə, keçirilməsinə, həmin oyunlarda iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüquqlarının) satışına, həmçinin iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank və digər ödəniş hesabı üzrə digər əməliyyatlarının maliyyə institutları tərəfindən icrasına (aparılmasına) yol verilməyəcək.

Kazino oyunları "Lisenziyalar və icazələr haqqında" Qanuna uyğun olaraq "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunda nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanunda nəzərdə tutulan nəzarət orqanının (rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslərə münasibətdə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)) rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən lisenziyanı əldə edən hüquqi şəxs (kazino oyunlarının təşkilatçısı) tərəfindən təşkil ediləcək. Kazino oyunlarının təşkili üçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi şərtləri (tələbləri) yerinə yetirən hüquqi şəxsə veriləcək.

Kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Kazino oyunlarının təşkilatçısı "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunda nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin qanunda nəzərdə tutulan nəzarət orqanının (rieltorlar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən şəxslərə münasibətdə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)) rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə kazino oyunlarının keçirilməsi üçün mülki hüquqi müqavilələr əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən hüquqi şəxsi (kazino oyunlarının operatorunu) cəlb edə biləcək.

Kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Kazino oyunlarının təşkilatçısı və operatoru "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunların, bu qanunla müəyyən edilmiş kazino oyunlarının təşkili və keçirilməsi qaydasının tələblərinə və "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun bağlanılan lisenziya müqaviləsinin şərtlərinə əməl etməlidirlər. Bu tələblərin və şərtlərin pozulması kazino oyunlarını təşkil etmək hüququ verən lisenzivanın davandırılması və va ləğvi ücün əsas olacaq.

21 yaşınadək şəxslərin kazino oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Yuxarıdakı müddəalar süni torpaq sahələrində "Lotereyalar haqqında" Qanunla müəyyən edilmiş qaydada lotereyaların və "Bədən tərbiyəsi və idman haqqında" Qanunla müəyyən edilmiş qaydada idman mərc oyunlarının keçirilməsini istisna etməyəcək.

Həmçinin, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin ediləcək. Süni torpaq sahələrində normativ hüquqi aktlarla qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər.