Bakıda Avrasiya Françayzinq Forumu keçirilib - FOTO
Bakıda Avrasiya Françayzinq Forumu keçirilib.
Day.Az xəbər verir ki, tədbirə regionun müxtəlif ölkələrindən dövlət rəsmiləri, sahibkarlar, investorlar və françayzinq sahəsinin nümayəndələri qatılıb.
Forumun rəsmi açılışda Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov, KOBİA sədri Orxan Məmmədov, iqtisad elmləri doktoru, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanova, "Gaztrade" şirkətinin icraçı direktoru Aynur Amirbekova, Türk Dünyası Federasiyasının sədri Halit Kanak və digərləri çıxış ediblər.
Tədbirdə çıxış edən Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanova bildirib ki, cari ilin 8 ayında iki ölkə arasındakı qarşılıqlı ticarət təxminən 350 milyon ABŞ dolları təşkil edib:
"Dövlət başçıları qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq üzrə ambisiyalı vəzifə qoyublar. Hesab edirəm ki, bu vəzifələr bizim üçün əlçatandır. Françayzinq tərəfdaşlıqlarının tərkibində birgə türkdilli dövlətlərin vahid brendi altında inkişaf üçün böyük potensial mövcuddur.
Keçən ilin iyun ayında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ümumtürk patent təşkilatının yaradılması təşəbbüsünü elan edib. Bu təşəbbüs qardaş ölkələr tərəfindən dəstəklənib. Hazırda müvafiq sənədlərin konsepsiyalarının razılaşdırılması ilə bağlı təşkilati işlər aparılır. Təşkilat tamamlandıqdan sonra ilk strateji layihə kimi ümumtürk vahid brendinin qeydiyyatını işləyib hazırlamaq simvolik olardı. Bu, türkdilli ölkələrin iqtisadi və mədəni potensialını beynəlxalq səviyyədə tanıtmaq üçün güclü bir stimul olardı və Çin, Avropa, Hindistan, Afrika bazarlarına çıxış imkanı açardı. Amma bu yalnız ilk addımdır".
Nazir müavini vurğulayıb ki, stabil ticarət və logistika əlaqələrinin təmin olunması çox vacibdir:
"Bu baxımdan, transxəzər beynəlxalq marşrutunda böyük potensial mövcuddur. Bu marşrut bu gün Avrasiya ticarətinin əsas arteriyasına çevrilib. Son 5 ildə biz bu marşrut üzrə ticarət dövriyyəsini təxminən 6 dəfə artırmışıq. Keçən il marşrut üzrə dövriyyə 4,5 milyon dollar olub. Bu il isə həcmin daha da artması planlaşdırılır və ilin sonuna 5 milyon dollara çatdırılması nəzərdə tutulur.
"Gaztrade"in icraçı direktoru Aynur Amirbekova çıxışında bildirib ki, son üç gün ərzində əsas tərəfdaşlarla danışıqlar apararaq Azərbaycan məhsullarının Qazaxıstan bazarına daxil olması üçün ilkin brendləri inkişaf etdirilib.
Onun sözlərinə görə, iki həftə əvvəl Astana şəhərində təşkil edilən biznes missiyası məhsuldar olub:
"B2B görüşlər, B2G konsultasiyaları və Biznes Şurası Forumu nəticəsində artıq ticarət müqavilələri üzrə işlər başlanıb. İndi məqsədimiz uzunmüddətli ticarət yol xəritəsini qurmaq və tərəfdaşlığı sistemli şəkildə inkişaf etdirməkdir. Biz həmçinin qarşılıqlı ticarət missiyaları və sərgilər təşkil etməyə hazırıq - Azərbaycan məhsulları üçün Qazaxıstanda, Qazaxıstan məhsulları üçün Azərbaycanda".
Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin sədri Halit Kanak çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatı yaradıldıqdan sonra ticarət həcmi artmağa başladı və 2024-cü ildə 53 milyard dollar səviyyəsinə çatdı. Bu ciddi bir artımdır, amma kifayət deyil.
O vurğulayıb ki, on il öncə türk dövlətləri arasında aparılan ticarət həcmi isə təxminən 10 milyard dollar idi:
"Biz müstəqil türk dövlətləri olaraq düşünürük ki, 180 milyonluq əhalimizlə yanaşı, Rusiya, Çin, Əfqanıstan, Pakistan, İran, Balkan ölkələri, Orta Şərq, Şərqi Avropa, Şimali Afrika, Cənubi və Cənub-Şərqi Asiya kimi regionlarda yaşayan soydaşlarımızla birlikdə 350 milyon əhalinin daxil olacağı daxili ticarətimiz ən azı 400 milyard dollar olmalıdır. Biz bu hədəflərə çatmaq üçün imkanın mövcud olduğunu hesab edirik.
Məsələn, 2024-cü ildə Türk Dövlətləri Təşkilatı ölkələrinin xaricdən həyata keçirdiyi ümumi idxal belədir; Azərbaycan - 21 milyard dollar, Özbəkistan - 56 milyard dollar, Qazaxıstan - 60 milyard dollar, Qırğızıstan - 12 milyard dollar, Türkiyə - 344 milyard dollar, Türkmənistan - 4 milyard dollar, Macarıstan -152 milyard dollar, Şimali Kipr Türk Respublikası - 2,8 milyard dollar".
H. Kanakın sözlərinə görə, bu ölkələrin ümumi idxalı 656 milyard dollar təşkil edir.
Rəsmi açılışdan sonra "AzInTelecom" şirkətinin rəqəmsal marketinq bölməsinin rəhbəri Nərgiz Abdulhüseynova "Biznes prosesini SİMA ilə rəqəmsallaşdır" mövzusunda təqdimatla çıxış edəcək.
Forum çərçivəsində "Françayzinqin qlobal trendləri və Avrasiyada yeni imkanlar", "Pərakəndə ticarət və qida sənayesində françayzinq", "Rəqəmsallaşma və texnologiyanın françayzinqə təsiri" mövzularında üç panel müzakirəsi keçiriləcək.
Panellərdə françayzinq sektorunun inkişaf perspektivləri, rəqəmsal transformasiya, e-ticarət, süni intellekt və texnologiyanın biznes modellərinə təsiri müzakirə olunacaq.
Forumun sonunda B2B görüşmələr, yekun çıxışlar və iştirakçılara sertifikatların təqdimatı planlaşdırılır.
Avrasiya Françayzinq Forumu françayzinq sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması və region ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре