907-ci düzəlişin ləğvi müasir dövrün tələbidir - Nizami Səfərov
Müəllif: Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
10 fevral 2026-cı ildə Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması iki dövlət arasında münasibətlərin yeni iqtisadi, siyasi, diplomatik və hüquqi konfiqurasiya üzrə inkişafını əyani formada təsdiq etdi. Bundan əvvəldə 2025-ci il 8 avqust tarixində Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair tarixi Birgə Bəyannamənin imzalanması regionda uzunmüddətli münaqişənin başa çatması və dayanıqlı sülhün təmin edilməsi istiqamətində fundamental addım olmuşdur. Bu hadisələrin fonunda heç bir məna daşımayan 907-ci düzəlişin ümumiyyətlə ləğv edilməsi siyasi gündələyin ən mühüm məsələlərindən biridir.
Xatırlatmaq istərdim ki, ABŞ-nin "Azadlığa Dəstək Aktına" 907-ci düzəliş 1992-ci ildə Qarabağ münaqişəsi fonunda, Azərbaycanın Ermənistana qarşı guya "blokada" tətbiq etdiyi bəhanəsi ilə qəbul olunmuşdu. Bu cür yanaşma sadəcə ikrah hissi doğururdu və heç bir məntiqə sığa bilməzdi, çünki Ermənistan bizim ərazimizi işğal etmişdi və işğal olunmuş ərazilər məhz Ermənistan ilə Azərbaycan arasında yerləşirdi.
Dövlət Başçısının sülh gündəliyinin uğurla həyata keçirilməsi Cənubi Qafqazda sabit təhlükəsizlik rejiminin bərqərar olunması üçün tarixi şans yaradıb və IV-cü Şuşa Global Media Forumunda qeyd olunduğu kimi, 907-ci düzəliş tamamilə köhnəlib. Azərbaycan birtərəfli olaraq Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və hazırda 40 min tondan artıq müxtəlif yüklər Rusiya, Qazaxıstan və digər yerlərdən Ermənistana daşınıb. Bundan əlavə, Azərbaycan özü Ermənistana neft məhsullarını təchiz etməyə başlayıb və bunun həşmi artıq 10 min tondan çoxdur. Bu fakt Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun göstəricisidir.
Burada xüsusi olaraq qeyd etmək istərdim ki, Ümummulli Lider Heydər Əliyev 1997-ci ildə ABŞ-a rəsmi səfəri zamanı iki dövlət arasında münasibətlərə böyük zərbə vuran 907-ci düzəlişin ləğvinin zəruriliyini Prezident Klintona və Nümayəndələr Palatası üzvlərinin diqqətinə çatdırmışdır. Təəssüf ki, düzəliş hələ də ləğv olunmayıb və hər il ABŞ prezidenti xüsusi fərmanla onun qüvvəsini dayandırır. Keçən ilin dekabr ayında konqress üzvü Anna Paulina Luna 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təşəbbüslə çıxış edib və Respublikaçılar partiyasının bir sıra üzvləri də bu təşəbbüsə qoşulublar.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı qeyd etdiyi kimi, ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizliyə və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.
Azərbaycanla ABŞ arasında münasibətlərin yeni inkişaf mərhələsində 907-ci düzəlişin ləğvi tarixi zərurətdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре