https://news.day.az/azerinews/1852284.html "Bakı Fond Birjası"nın dövriyyəsi azalıb Bu ilin yanvar-iyul aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 26,028 milyard manat təşkil edib. Trend-in BFB-nin məlumatları əsasında hesablamasına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,226 milyard manat və ya 1,5 dəfə azdır.

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb

Azərbaycanca, 5 августа 2026 18:41 (UTC +04:00) 140
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb

Bu ilin yanvar-iyul aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 26,028 milyard manat təşkil edib.

Trend-in BFB-nin məlumatları əsasında hesablamasına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,226 milyard manat və ya 1,5 dəfə azdır.

Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 40 559 olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 22 799 vahid və ya 2,3 dəfə çoxdur.

BFB-nin dövriyyəsinin 23,133 milyard manatı repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 11,146 milyard manat və ya 32,5% azdır.

Qeyd edək ki, Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov Trend-ə müsahibəsində birja dövriyyəsinin strukturunda repo əməliyyatlarının hələ də üstünlük təşkil etməsinə baxmayaraq, qarşıdakı dövrdə kapital bazarının dərinləşdirilməsinin və yeni maliyyə alətlərinin genişləndirilməsinin əsas prioritetlərdən olacağını bildirib.

Onun sözlərinə görə, hazırda bir sıra beynəlxalq inkişaf bankları Bakı Fond Birjasında manatla istiqraz emissiyası həyata keçirməkdə maraqlıdır.

"Ünsiyyətdə olduğumuz bir çox beynəlxalq maliyyə təşkilatları Bakı Fond Birjasında istiqraz emissiyasında maraqlıdırlar. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq inkişaf banklarının demək olar ki, hər birinin yerli valyutada emissiya etməyə marağı var. Bu, onların valyuta risklərini daha səmərəli idarə etməsinə və cəlb olunan vəsaiti yerli valyutada strateji layihələrə yönəltməsinə imkan verir", - deyə R.Xəlilov bildirib.

O qeyd edib ki, AYİB-in dəyişən faiz dərəcəli manat istiqrazlarının birjada yerləşdirilməsi yerli kapital bazarı üçün mühüm mərhələ olub.

"Bu, həm yerli valyutada, həm də dəyişkən faizli istiqraz formatında ilk beynəlxalq maliyyə qurumu emissiyasıdır. Artıq ikinci bazarda da təxminən 3 milyon manatlıq əməliyyat baş tutub. Bu addım gələcəkdə faiz dərəcəsi svopları kimi daha mürəkkəb maliyyə alətlərinin formalaşmasına zəmin yarada bilər", - deyə o vurğulayıb.

 

BFB sədri bildirib ki, birja texnoloji imkanlarını da genişləndirir. Hazırda platformanın yüksək həcmli əməliyyatları problemsiz emal etməsi üçün genişmiqyaslı sınaqlar aparılıb və bazarın iri IPO-lar, istiqraz emissiyaları və yeni emitentlər üçün tam hazır olduğu təsdiqlənib.

Onun sözlərinə görə, Bakı Fond Birjası beynəlxalq inteqrasiyanı da sürətləndirir. Bu istiqamətdə Abu Dhabi Securities Exchange (ADX) ilə "Tabadul Trading Hub" layihəsi çərçivəsində texniki inteqrasiya işləri davam etdirilir.

"Gələcəkdə Əbu-Dabidə fəaliyyət göstərən brokerlərin Bakı Fond Birjasında, Bakı Fond Birjası üzvlərinin isə digər bazarlarda ticarət aparması üçün texnoloji imkanların yaradılması üzərində işləyirik. Eyni zamanda qlobal brokerlərlə danışıqlar aparırıq ki, BFB-də listinqdə olan qiymətli kağızlar onların platformalarında da görünə bilsin", - deyə R.Xəlilov bildirib.

O, dövlət müəssisələrinin də kapital bazarına daha fəal çıxmasının vacibliyini vurğulayıb.

"Artıq o zamana gəlmişik ki, dövlət müəssisələri istiqraz emissiyaları ilə bazara çıxmalıdırlar. 'Azərbaycan Dəmir Yolları' istiqraz emissiyasına başlayıb və nəqliyyat-logistika sektorundan daha bir neçə şirkət də bu istiqamətdə maraq göstərir", - deyə BFB sədri qeyd edib.

Ruslan Xəlilov əlavə edib ki, Bakı Fond Birjası "yaşıl maliyyə" alətlərinin inkişafına da xüsusi önəm verir. Onun sözlərinə görə, SOCAR-ın "yaşıl istiqraz"larının tədavülə buraxılması bu istiqamətdə mühüm addım olub və enerji, logistika kimi sahələrdə fəaliyyət göstərən şirkətlər arasında da "yaşıl istiqraz" emissiyalarına maraq formalaşır.

Sədrin sözlərinə görə, uzunmüddətli strategiya Bakı Fond Birjasının regional maliyyə mərkəzi kimi mövqeyinin gücləndirilməsinə yönəlib.

"Strategiyamız kapital bazarlarının dərinləşdirilməsi, səhm və istiqraz bazarlarının inkişafı, yeni maliyyə alətlərinin yaradılması və maliyyə savadlılığının artırılmasına yönəlib. Məqsədimiz Bakı Fond Birjasını regional və qlobal miqyasda daha görünən və rəqabətqabiliyyətli platformaya çevirməkdir", - deyə R.Xəlilov bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости