Əməkhaqqı artımı tibb işçilərinə göstərilən dövlət qayğısının göstəricisidir - Bərdə xəstəxanasının həkimi - VİDEO
Səhiyyə işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qəbul edilən qərarı böyük məmnunluqla qarşılayıram.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi Ramilə Əhmədova deyib.
Onun sözlərinə görə, əməkhaqlarının artırılması tibb işçilərinin əməyinə verilən yüksək qiymətin və onlara göstərilən dövlət qayğısının bariz nümunəsidir.
"Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya səhiyyə işçilərinə göstərdikləri diqqət və qayğıya görə, dərin minnətdarlığımızı bildiririk", - deyə o qeyd edib.
R.Əhmədova bildirib ki, əməkhaqlarının artırılması tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
"Bu qərar eyni zamanda səhiyyə işçilərinə peşə fəaliyyətlərini daha böyük məsuliyyət və ruh yüksəkliyi ilə davam etdirmək üçün əlavə stimul verir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından ölkə rəhbərliyinə göstərilən diqqət və qayğıya görə təşəkkürümüzü bildiririk.
Biz də öz növbəmizdə vətəndaşlara keyfiyyətli və peşəkar tibbi xidmət göstərmək üçün bundan sonra da bütün imkanlarımızdan istifadə edəcək, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq", - deyə R.Əhmədova əlavə edib.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək.
Onlardan 15 804 nəfər və ya 21,9 faizi həkim, 36 041 nəfər və ya 49,9 faizi orta tibb heyəti, 20 367 nəfər və ya 28,2 faizi isə kiçik tibb heyətidir.
Yeni qərara əsasən, tibb işçilərinin ümumi əməkhaqqı artımı 135 faizə qədər təşkil edəcək.
Əməkhaqqı artımlarının maliyyələşdirilməsi məqsədilə əməkhaqqı fonduna 189 milyon manat əlavə vəsait ayrılacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре