Yollar yağışa hazırdırmı? - Agentlik rəsmisi CAVABLADI
Qarşıdakı günlərdə yağış yağacağı və hətta leysan olacağı ilə bağlı proqnozlar verilir. Yolların yağışa hazırlıq prosesi və görülən işlər isə bir çoxunun marağında olan mövzudur.
Day.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmisi Anar Nəcəfli deyib ki, agentlik tərəfindən payız-qış mövsümündə avtomobil yollarının, körpülərin və digər yol qurğularının normal istismarının, eləcə də hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması məqsədilə zəruri hazırlıq tədbirləri həyata keçirilir.
O, qeyd edib ki, bu çərçivədə agentliyin aparatında xüsusi qərargah yaradılır, payız-qış mövsümünə hazırlıq və əlverişsiz hava şəraitində görüləcək işlər üzrə tədbirlər planı təsdiq edilir.
"Eyni zamanda, sutkalıq növbətçilik təşkil olunur. Agentliyin xidmət etdiyi avtomobil yollarının, körpülərin və digər yol qurğularının istismar vəziyyəti mütəmadi nəzarətdə saxlanılır.
Qarlı və buzlu hava şəraitində yolların təmizlənməsi və buzlanmaya qarşı zəruri tədbirlərin görülməsi təmin edilir. İntensiv və leysan xarakterli yağıntılar zamanı isə agentliyin xidmət etdiyi yol infrastrukturu üzrə körpülərin altından keçən su axınlarının, suötürücü boru və keçidlərin, yağış barmaqlıqlarının işlək vəziyyətdə saxlanılması istiqamətində tədbirlər görülür.
Zərurət yarandıqda aidiyyəti qurumlarla birgə suyun yolun hərəkət hissəsindən kənarlaşdırılması və yaranmış problemlərin operativ şəkildə aradan qaldırılması istiqamətində müvafiq işlər həyata keçirilir. Ekstremal hava şəraitində isə vəziyyət daim nəzarətdə saxlanılır və hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür", - agentlik rəsmisi bildirib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре