Sürücülər sarı işıqla bağlı bunları bilməlidirlər - Ekspert AÇIQLADI
Svetoforun sarı işığı ilə bağlı bir çox insanda qarışıq düşüncələr var. Bəziləri sarı işıqda mütləq dayanmağın lazım olduğunu, əks halda cərimələnəcəyini, bəziləri isə sarı işıqda keçməyin qanun pozuntusu olmadığını düşünür. Bəs reallıq nədir?
Day.Az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, sarı işıq yol hərəkəti qaydalarına əsasən hərəkəti qadağan edir. Yəni sarı işıq yandıqda sürücü hərəkəti dayandırmalıdır.
O, qeyd edib ki, lakin burada müəyyən təzadlar var.
"Təsəvvür edək ki, yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü sarı işığı elə bir anda görür ki, həmin siqnalı qəbul etməsi, beyində informasiyanın formalaşması, bu informasiyanın ayağa ötürülməsi və sürücünün qaz pedalından ayağını çəkərək tormoza keçməsi üçün müəyyən zaman tələb olunur. Nəticədə, hətta sürücü qəfil tormozlasa belə, avtomobilin tormoz məsafəsi səbəbindən svetoforu keçməsi mümkündür.
Belə hallarda sürücüyə qarşı müəyyən anlayış göstərilməsinin vacib olduğunu düşünürəm. Çünki həmin məsafədə sürücünü qəfil tormozlamağa məcbur etmək hər zaman düzgün yanaşma olmaya bilər. Sürücülər də əlbəttə, bu vəziyyətdən sui-istifadə etməməlidirlər. Lakin bəzən elə situasiyalar yaranır ki, sürücü seçim qarşısında qalır: qəfil tormoz versə, arxadan gələn avtomobillə toqquşma riski yaranır, tormoz məsafəsini nəzərə alaraq davam etsə, bu dəfə svetoforu və stop xəttini keçmiş olur. Hər iki halda sürücü üçün arzuolunmaz nəticə yarana bilər", - o deyib.
Ekspert vurğulayıb ki, bu baxımdan Dövlət Yol Polisi əməkdaşları belə hallarda sürücülərə qarşı müəyyən anlayış nümayiş etdirməli və konkret situasiyanı, avtomobilin sürətini, svetofora olan məsafəni və sürücünün qəfil tormozlamaq imkanının olub-olmadığını qiymətləndirməlidirlər.
"Məsələn, avtomobildə ailəsi və ya uşağı olan sürücü düşünə bilər ki, qəfil tormozlama zamanı avtomobildəki sərnişinlərin təhlükəsizliyi riskə düşəcək. Ona görə də hər bir hadisəyə yalnız formal qayda pozuntusu kimi deyil, real yol şəraiti və təhlükəsizlik baxımından yanaşmaq lazımdır.
Təbii ki, digər tərəfdən, sarı işığın yandığını görərək bunu bilərəkdən və qəsdən qaydanı pozmaq üçün fürsətə çevirən sürücülər də var. Belə hallara yol vermək olmaz və qaydanı şüurlu şəkildə pozan sürücülər məsuliyyət daşımalıdırlar. Əsas məsələ isə bu iki vəziyyəti bir-birindən düzgün ayırmaqdır. Ona görə də qərar verilərkən konkret situasiyanın bütün detalları nəzərə alınmalı, obyektiv və vəziyyətə uyğun qiymətləndirmə aparılmalıdır", - o yekunlaşdırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре