Türkmənistandakı görüşlər Azərbaycanın regiondakı rolunu gücləndirir - Azər Qarayev
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri bir neçə gün ərzində keçirilən beynəlxalq tədbirlər, çoxsaylı görüşlər və regional əməkdaşlığın gələcəyinə dair müzakirələrlə yadda qaldı. Türkmənbaşı şəhərində keçirilən görüşlər Azərbaycanın region, həmçinin Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin yeni mərhələyə keçdiyini, ölkəmizin həm iqtisadi, həm də nəqliyyat və enerji sahələrində region üçün əhəmiyyətinin artdığını göstərdi.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
A.Qarayev qeyd edib ki, Xəzər Ekoloji Sammitində Prezident İlham Əliyev region ölkələrinin diqqətini dənizin dayazlaşması probleminə yönəltdi.
"Prezident İlham Əliyev Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin sahilyanı ərazilərə, limanlara, nəqliyyata və ekosistemə təsirlərini qeyd etdi. Onun sözlərinə görə, dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb: "Hazırkı tendensiyaların davam edəcəyi təqdirdə nəticələr fəlakətli xarakter ala bilər. Dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil rayonlarında insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir".
Prezident İlham Əliyev problemin səbəblərinin elmi şəkildə araşdırılmasının vacibliyini vurğulayaraq qeyd etdi:
"Xəzər bizim ümumi sərvətimizdir. Onun nadir ekosistemini qorumaq və gələcək nəsillərə ötürmək bizim ümumi məsuliyyətimizdir". Bu çağırışın arxasında konkret regional maraqlar dayanır. Xəzər dənizi nəqliyyat və enerji marşrutlarının mühüm hissəsidir. Dənizin səviyyəsinin azalması limanların fəaliyyətinə, yükdaşımaların təşkilinə və sahilyanı infrastrukturun inkişafına təsir göstərə bilər. Buna görə də ekoloji problemlərin həlli yalnız bir ölkənin deyil, bütün Xəzəryanı dövlətlərin maraqlarına uyğundur", - politoloq bildirib.
Onun sözlərinə görə, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə də Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır və ilk iclas bizim ölkədə keçiriləcək.
"Komissiyanın tərkibi Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının və Türkmənistanın hökumət başçılarının müavinləri, İran İslam Respublikasının və Rusiya Federasiyasının yüksək vəzifəli nümayəndələrindən ibarət olacaq. Komissiyanın əsas məqsədi Xəzər dənizinin səviyyəsinin enməsinin səbəblərinin müəyyənləşdirilməsini, habelə onun dayazlaşmasının yaratdığı mənfi proseslərə qarşı mübarizə üzrə razılaşdırılmış kompleks tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməkdir. İlk iclas da 2027-ci ilin birinci yarısında Azərbaycanda keçiriləcək", - A.Qarayev bildirib.
A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin səfəri çərçivəsində iştirak etdiyi digər mühüm tədbir MDB Dövlət Başçıları Şurasının iclasları oldu.
"Bu il təşkilatın yaradılmasının 35-ci ildönümünün qeyd edildiyini xatırladan Prezident İlham Əliyev MDB-ni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq üçün mühüm platforma kimi xarakterizə etdi. Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etməsi, 2028-ci ildə isə sədrliyi öz üzərinə götürməyə hazır olduğunu bildirməsi ölkəmizin təşkilat çərçivəsində fəal iştirakını davam etdirmək niyyətini göstərir. Prezident İlham Əliyev çıxışında humanitar əlaqələrə də toxundu. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə göstərilən dəstəyə görə təşəkkür edən dövlət başçısı ötən il Azərbaycanda keçirilən III MDB Oyunlarının əhəmiyyətini vurğuladı. Yarışların ölkənin yeddi şəhərini əhatə etməsi və müxtəlif ölkələrdən minlərlə idmançı ilə qonağı bir araya gətirməsi idmanın xalqlar arasında əlaqələrin güclənməsinə necə töhfə verə biləcəyini göstərdi. Belə tədbirlər siyasi və iqtisadi əməkdaşlığı tamamlayır. İnsanların qarşılıqlı səfərləri, mədəniyyət və idman tədbirləri ölkələr arasında münasibətlərin yalnız rəsmi görüşlər səviyyəsində qalmamasına kömək edir", - o bildirib.
Politoloq vurğulayıb ki, səfər çərçivəsində Prezident İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və İran Prezidenti Məsud Pezeşkianla görüş keçirdi, digər liderlərlə də ayaqüstü söhbət etdi.
"Türkmənistan Prezident ilə keçirilən görüşdə siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi. Tərəflər ötən ildən bəri ən yüksək səviyyədə beş qarşılıqlı səfərin həyata keçirilməsini münasibətlərin dinamik inkişafının göstəricisi kimi qiymətləndirdilər. İran Prezidenti Məsud Pezeşkianla görüşdə isə iki ölkə arasında münasibətlər, son təmaslar və Ağbənd-Kəlalə layihəsinin icrası müzakirə olundu. Layihə üzrə işlərin yekunlaşma mərhələsində olduğu bildirildi. Bu məsələ Azərbaycanla İran arasında nəqliyyat və sərhədyanı əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır", - o bildirib.
A.Qarayev qeyd edib ki, Türkmənistandakı görüşlər Azərbaycanın eyni vaxtda bir neçə istiqamətdə əməkdaşlığı inkişaf etdirdiyini göstərir. Mərkəzi Asiya ölkələri ilə ticarət və investisiyalar, MDB məkanında siyasi və humanitar əlaqələr, Xəzər üzərindən nəqliyyat və enerji marşrutları, İranla birgə infrastruktur layihələri bu gündəliyin əsas hissələrini təşkil edir.
"Azərbaycanın region üçün əhəmiyyəti məhz bu istiqamətlərin bir-biri ilə əlaqələnməsindədir. Ölkəmiz Mərkəzi Asiyanın Avropa bazarlarına çıxışında, Xəzər hövzəsində əməkdaşlığın inkişafında və daha geniş regional iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır. Türkmənbaşıda keçirilən görüşlər isə bu imkanların reallaşdırılması üçün siyasi dialoqun və praktiki əməkdaşlığın davam etdirilməsinin vacibliyini bir daha ortaya qoyur", - politoloq əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре