Azərbaycanın AQEM-ə sədrliyinin 2 il uzadılması ölkəmizə yüksək etimadın göstəricisidir - Soltan Məmmədov
Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin daha 2 il uzadılması ölkəmizin beynəlxalq nüfuzunun, çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfələrin və qlobal miqyasda qazandığı yüksək etimadın bariz ifadəsidir.
Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində geosiyasi proseslərin mürəkkəbləşdiyi, dövlətlərarası qarşılıqlı etimadın zəiflədiyi bir dövrdə belə bir qərarın qəbul edilməsi Azərbaycanın həyata keçirdiyi uzaqgörən xarici siyasət kursunun nəticəsidir.
Onun sözlərinə görə, Azərbaycan bu gün dünya dövlətləri ilə münasibətlərini inkişaf etdirməklə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyəli və nümunəvi fəaliyyəti ilə seçilir, sülhə, sabitliyə və inkişafa hesablanmış təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər həm dünya dövlətləri, həm də beynəlxalq arenada yüksək qiymətləndirilir və təqdir olunur.
S.Məmmədov qeyd edib ki, Azərbaycanın 2024-2026-cı illərdə AQEM-ə sədrliyi təşkilatın fəaliyyətinin yüksək səviyyəsi, konkret təşəbbüslər və institusional nəticələrlə yadda qalıb.
"Bu dövrdə təşkilatın Qadınlar Şurası və Maliyyə Sammiti yaradılmış, Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi fəaliyyətə başlamışdır. Bütün bunlar təşkilat çərçivəsində əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə, üzv dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsinə və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət etmişdir", - deputat vurğulayıb.
O bildirib ki, Azərbaycanın sədrliyinin uzadılması əldə edilmiş institusional nəticələrin möhkəmləndirilməsi və irəli sürülmüş təşəbbüslərin davam etdirilməsi baxımından yeni imkanlar açır.
Deputatın sözlərinə görə, oktyabrın 15-də Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən AQEM-in VII Zirvə Görüşündə çoxsaylı dövlət və hökumət başçılarının iştirakı tədbirin yüksək əhəmiyyətini göstərir.
"Zirvə Görüşü üzv dövlətlər arasında siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün mühüm platformadır", - S.Məmmədov deyib.
O əminliyini ifadə edib ki, Azərbaycanın quruma növbəti iki il ərzində sədrliyi Asiyada bağlantılılıq, rəqəmsallaşma və dayanıqlı inkişaf istiqamətləri üzrə təşkilatın fəaliyyətində yeni inkişaf mərhələsinin əsasını qoyacaq.
Deputat diqqətə çatdırıb ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, eləcə də qlobal enerji xəritəsini dəyişən strateji layihələr vasitəsilə regionun əsas bağlantı mərkəzinə çevrilməsi bu missiyanın həyata keçirilməsinə mühüm töhfə verəcək.
S.Məmmədov əlavə edib ki, ölkədə Rəqəmsal İnkişaf Konsepsiyası və Fəaliyyət Planının, Süni İntellekt Strategiyasının, eləcə də "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində sosial, iqtisadi və ətraf mühit sahələrini əhatə edən dövlət proqramlarının uğurla icrası Azərbaycanın sədrliyi dövründə qarşıya qoyulan məqsədlərə nail olunmasına dəstək olacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре