Azərbaycanın dövlət və media resursları DDoS hücumlarına məruz qalıb
13-15 oktyabr tarixlərində Azərbaycanın dövlət qurumlarının, media təşkilatlarının, xaricdəki diplomatik nümayəndəliklərinin və digər təşkilatların informasiya resurslarına qarşı paylanmış xidmətdən imtina (DDoS) hücumları həyata keçirilib.
Day.Az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.
Bildirilib ki, "Telegram" platformasında fəaliyyət göstərən "313 Team" adlı haktivist qruplaşması hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
Milli CERT-in texniki araşdırmaları nəticəsində hücumlarda "Litterbox" ("Catbox" adı ilə də tanınan) kommersiya DDoS xidmətindən istifadə olunduğu müəyyən edilib. "Telegram" kanalları vasitəsilə təqdim edilən bu xidmət üçün ödənişlər kriptovalyuta ilə qəbul olunur.
Sözügedən xidmət müxtəlif şəbəkə protokolları üzərindən intensiv trafik yaradaraq hədəf resursların əlçatanlığını pozmağa imkan verir. Araşdırma zamanı xidmətin hücum trafikini əvvəlcədən seçilmiş ölkələrdə yerləşən botlar vasitəsilə yönləndirə bildiyi də aşkarlanıb. Bu imkan trafikin coğrafi mənşəyinə əsaslanan müdafiə tədbirlərinin effektivliyini azalda bilər.
MKA kommersiya botnet xidmətlərindən istifadənin DDoS hücumlarının təşkilini asanlaşdırdığını və informasiya resursları üçün əlavə kibertəhlükəsizlik riskləri yaratdığını vurğulayıb.
Hücum kampaniyasına aid komprometasiya indikatorları İnsident Məlumatlarının Mübadiləsi Platformasına əlavə edilib. Milli CERT tərəfindən analoji təhdidlərin araşdırılması, informasiya resurslarının mühafizəsinin gücləndirilməsi və mümkün insidentlərin təsirinin azaldılması istiqamətində tədbirlər davam etdirilir.
Təşkilatlara informasiya resurslarının dayanıqlılığını artırmaq, şəbəkə trafikini davamlı izləmək və DDoS hücumlarına qarşı mühafizə mexanizmlərini gücləndirmək tövsiyə olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре