Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
17 oktyabr 2020-ci il Azərbaycanın müasir tarixində təkcə bir şəhərin işğaldan azad edildiyi gün deyil, həm də Qarabağın gələcəyini dəyişən mühüm hərbi-siyasi hadisə kimi yadda qaldı. Bu gün Füzulidə əsas hədəf qazanılmış Zəfəri dayanıqlı inkişafa çevirmək, dağıdılmış şəhəri yenidən qurmaq və sakinlərin doğma yurdlarında məskunlaşmasını təmin etməkdir.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, hər bir şəhərin tarixində onun taleyini dəyişən günlər var. Füzuli üçün 17 oktyabr məhz belə tarixlərdəndir. 2020-ci ilin həmin günündə Azərbaycan Ordusu Füzuli şəhərini və bir sıra ətraf kəndləri işğaldan azad etdi. Bununla da 27 ildən artıq davam edən işğal dövrünə son qoyuldu, şəhərin yeni inkişaf mərhələsinin əsası qoyuldu.
"Bu gün Füzuli Şəhəri Günü yalnız hərbi qələbənin xatırlanması deyil. Bu tarix həm də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını, dağıdılmış infrastrukturun bərpasını və şəhərin gələcək inkişaf modelinin formalaşdırılmasını əhatə edir. Qarabağın cənub-şərqində yerləşən Füzuli həm coğrafi mövqeyinə, həm də nəqliyyat və hərbi-strateji əhəmiyyətinə görə xüsusi yer tutur. Rayon Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan əraziləri əhatə edir. Bu mövqe Füzulini regionun digər əraziləri ilə əlaqələndirən mühüm istiqamətlərdən birinə çevirir. Füzulinin əsası 1827-ci ildə qoyulub. 1930-cu ildə rayon kimi təşkil edilən ərazi əvvəlcə Qaryagin adlandırılıb, 1959-cu ildə isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə indiki adını alıb. Tarixi-dini abidələri, türbələri və qədim yaşayış məskənləri ilə seçilən rayon Azərbaycanın mədəni irsinin mühüm hissəsidir. Lakin 1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi işğal edildi. Uzun illər davam edən işğal nəticəsində şəhər və ətraf yaşayış məntəqələri ciddi dağıntılara məruz qaldı, tarixi-mədəni irsə zərər vuruldu, sakinlər doğma yurdlarından didərgin düşdülər. Birinci Qarabağ müharibəsindən sonra 1994-cü ilin yanvarında aparılan əməliyyatlar nəticəsində rayonun 22 yaşayış məntəqəsi azad edildi. Lakin Füzuli şəhərinin azad olunması üçün daha uzun müddət gözləmək lazım gəldi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli istiqaməti ən ağır döyüşlərin getdiyi cəbhələrdən biri oldu. Uzun illər ərzində qurulmuş müdafiə istehkamlarının yarılması Azərbaycan Ordusundan yüksək döyüş hazırlığı, dəqiq planlaşdırma və koordinasiyalı əməliyyatlar tələb edirdi. Oktyabrın 17-də Füzuli şəhərinin azad olunması cənub istiqamətində hərbi əməliyyatların gedişinə mühüm təsir göstərdi. Vətən müharibəsi zamanı rayonun ümumilikdə 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli əməliyyatı həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan hərbi strategiyanın mühüm mərhələsi oldu. Bu qələbənin arxasında Azərbaycan əsgərinin qəhrəmanlığı və fədakarlığı dayanır. Füzuli uğrunda döyüşlərdə həyatını itirən şəhidlərin xatirəsi bu gün də şəhərin azadlıq tarixinin ayrılmaz hissəsidir".
Deputat qeyd edib ki, Füzulinin azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin və rayonun infrastrukturunun yenidən qurulması idi. Çünki işğal dövründə yaşayış evləri, sosial obyektlər, yollar və mühəndis-kommunikasiya sistemləri ciddi zərər görmüşdü.
"Prezident İlham Əliyevin tapşırıqları əsasında Füzulidə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. 2023-cü il martın 18-də Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiq edildi. Bu sənəd şəhərin gələcək məkan planlaşdırılması, yaşayış sahələrinin genişləndirilməsi və müasir infrastrukturun qurulması üçün əsas istiqamətləri müəyyənləşdirir. Son illərdə Füzulidə nəqliyyat, enerji, su təchizatı və rəqəmsal infrastrukturun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. Zəfər yolu, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları regionun nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edir. Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə inşa edilərək 2021-ci ilin oktyabrında istifadəyə verilməsi isə şəhərin strateji əhəmiyyətini artıran layihələrdəndir. Hava limanı Qarabağa hava nəqliyyatı ilə çıxışı təmin etməklə yanaşı, bölgənin gələcək iqtisadi və turizm potensialının inkişafı üçün də imkanlar yaradır. Bununla yanaşı, enerji təminatının gücləndirilməsi, Köndələnçay su anbarları kompleksinin bərpası, yaşayış komplekslərinin, təhsil və digər sosial obyektlərin yaradılması şəhərin yenidən qurulmasının əsas istiqamətləridir. Füzulinin inkişafı yalnız yeni binaların tikilməsi ilə ölçülməməlidir. Müasir şəhər mühiti üçün keyfiyyətli kommunal xidmətlər, davamlı məşğulluq, təhsil və səhiyyə imkanları, sahibkarlıq fəaliyyəti və təhlükəsiz yaşayış şəraiti də vacibdir. Şəhərin uzunmüddətli inkişafı bu amillərin birlikdə təmin edilməsindən asılı olacaq".
S.Mikayılovanın sözlərinə görə, Füzulinin bərpasının ən mühüm göstəricisi insanların doğma torpaqlarına qayıtmasıdır. 2023-cü il avqustun 18-dən etibarən şəhərə keçmiş məcburi köçkünlərin köçürülməsinə başlanılıb. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, ümumilikdə 3153 nəfər köçürülüb. Bu rəqəmlər Böyük Qayıdış Proqramının konkret nəticələrini əks etdirir.
"Lakin qayıdışın uğuru yalnız köçürülən ailələrin sayı ilə müəyyənləşmir. İnsanların şəhərdə daimi məskunlaşması üçün iş yerləri, məktəblər, səhiyyə müəssisələri, ictimai xidmətlər və sosial imkanlar davamlı şəkildə inkişaf etdirilməlidir. Başqa sözlə, əsas məqsəd insanların yalnız evlərinə deyil, normal və təhlükəsiz həyat şəraitinə qayıtmasını təmin etməkdir. Bu baxımdan, Füzulidə yeni yaşayış komplekslərinin tikintisi ilə yanaşı, iqtisadi fəallığın artırılması və yerli sahibkarlığın inkişafı da mühüm əhəmiyyət daşıyır. Şəhərin gələcəyini müəyyənləşdirəcək əsas amillərdən biri burada yaşayan insanların iqtisadi və sosial həyata tam inteqrasiyası olacaq.
Füzulinin yenidən qurulması Azərbaycanın beynəlxalq tərəfdaşlarının dəstəyi ilə də müşayiət olunur. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa etməsi, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini yaratması iki ölkə ilə Azərbaycan arasındakı dostluğun konkret ifadəsidir. Bu layihələr təhsil və mədəniyyət infrastrukturunun bərpasına töhfə verməklə yanaşı, Qarabağın dirçəlişinin regional əməkdaşlıq üçün də əhəmiyyət daşıdığını göstərir. Füzuli bu gün yalnız keçmiş işğalın ağır nəticələrinin aradan qaldırıldığı ərazi deyil, həm də Azərbaycanla dost və tərəfdaş ölkələr arasında münasibətlərin praktiki layihələrlə möhkəmləndiyi məkandır.
Füzulinin dirçəlişi qarşısında duran ciddi problemlərdən biri mina təhlükəsidir. İlkin hesablamalara görə, rayonda yüz mindən çox mina basdırılıb. Bu vəziyyət ərazilərin təhlükəsiz istifadəsini, tikinti işlərini və təsərrüfat fəaliyyətinin genişləndirilməsini çətinləşdirir. Minatəmizləmə işləri yalnız infrastruktur layihələrinin həyata keçirilməsi üçün deyil, insanların təhlükəsiz qayıdışı baxımından da həyati əhəmiyyət daşıyır. Buna görə də təhlükəli ərazilərin təmizlənməsi, əhalinin maarifləndirilməsi və zərərçəkənlərin müdafiəsi bərpa prosesinin ayrılmaz hissəsi olaraq qalır. Digər mühüm məsələ şəhərin iqtisadi potensialının reallaşdırılmasıdır. Füzulinin coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və azad edilmiş ərazilərdə həyata keçirilən ümumi inkişaf layihələri gələcəkdə logistika, xidmətlər, kənd təsərrüfatı və sahibkarlıq üçün imkanlar yarada bilər. Bu imkanların real nəticələrə çevrilməsi isə investisiyalardan, əmək bazarının formalaşmasından və infrastrukturun səmərəli istifadəsindən asılıdır".
Deputat son olaraq vurğulayıb ki, 17 oktyabr Füzuli üçün azadlığın, tarixi ədalətin bərpasının və yeni başlanğıcın rəmzidir. 2020-ci ildə hərbi əməliyyatlarla azad edilən şəhərdə bu gün əsas diqqət bərpa, məskunlaşma və davamlı inkişaf məsələlərinə yönəlib.
"Füzulinin qarşısında duran vəzifə keçmiş dağıntıların izlərini aradan qaldırmaqla məhdudlaşmır. Şəhər müasir infrastruktura, işlək iqtisadi mühitə, keyfiyyətli sosial xidmətlərə və sakinlərinin gündəlik ehtiyaclarını qarşılayan davamlı şəhər həyatına malik olmalıdır. Bu baxımdan, Füzulinin uğuru tikilən binaların və çəkilən yolların sayı ilə yanaşı, burada neçə ailənin daimi məskunlaşması, insanların hansı imkanlarla təmin olunması və şəhərin öz iqtisadi potensialını nə dərəcədə reallaşdırması ilə ölçüləcək. Füzuli artıq işğalın simvolu deyil. O, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan böyük quruculuq vəzifələrinin, doğma yurda qayıdışın və gələcəyə yönəlmiş inkişafın nümunələrindən birinə çevrilir. 17 oktyabrın tarixi mənası da məhz bundadır: azad edilmiş şəhərin gələcəyini indi onun quruculuğu və sakinlərinin qayıdışı müəyyənləşdirir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре