Belə də avtobus olar?!

Day.Az представляет новость на азербайджанском языке

Paytaxt sakinlərindən bir nəfər Milli.Az ünvanladığı məktubunda 22 saylı avtobus marşrutlarında xəttə buraxılan avtobusların texniki vəziyyətindən şikayətini bildirib:

"Bu gördüyünüz 90 RB 366 dövlət qeydiyyat nişanlı 22 saylı marşrut avtobusudur. "Xaliq Faiqoğlu" MMC-yə məxsus bu avtobus bərbad vəziyyətdədir və beləcə də xəttə buraxılıb. Gördüyünüz kimi, sürət qutusu da yerindən çıxıb. Belə də avtobus olar?! Qeyd edim ki, 22 saylı marşrut avtobuslarının əksəriyəti belə bərbad vəziyyətdədir. Niyə bu vəziyyətdə olan avtobusu xəttə buraxırlar? Niyə nəzarət olunmur bu hallara? Bəs yeni qanunla bütün avtobuslar təmiz, səliqəli olacaqdılar. Cəzalar sərtləşəcəkdi. Bəs nə oldu? Görünən odur ki heç bir önəmi olmadi. Biz vətəndaşlara göstərilən xidmət budur. Sərnişinləri fikirləşmirlər. Avtobusa ancaq gəlir mənbəyi kimi baxırlar".


Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib ki, müvafiq qurumlara və marşrutun sahibinə məlumat veriləcək: "Məsələ araşdırılacaq və bununla bağlı mütləq tədbir görüləcək. Əgər avtobus tələblərə cavab vermirsə, xətdən uzaqlaşdırılacaq".

NİİM sözçüsü bildirib ki, ümumiyyətlə, yeni ilə hazırlıqla bağlı avtobus marşrutlarına və sürücülərə nəzarət gücləndirilib: "Nəzarət həddən artıq gücləndirilib. Texniki müayinə məsələsində də sahibkarlar çalışır ki, avtobuslar qaydasında olsun ki, marşrut xəttini əlindən almasınlar".

Qeyd edək ki, Yeni il bayramı günlərində, yəni 2015-ci dekabrın 31-dən 2016-cı il yanvarın 4-dək paytaxtda sərnişinlərə xidmət göstərən avtobuslar 2 saat çox, gecə saat 1-ə kimi fəaliyyət göstərəcəklər. Adi günlərdə isə avtobuslar adətən saat 11-ə kimi işləyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.