Qərb bölgəsində 20 Yanvar şəhidləri yad edilib

Day.Az представляет новость на азербайджанском языке.

20 Yanvar şəhidlərinin əziz xatirəsi Şəmkir, Göygöl, Samux və Tovuzda ehtiramla anılıb. Şəhidlərin qanı bahasına qazanılan azadlığın əbədi olacağına əminlik ifadə edilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, 20 Yanvar faciəsinin 26-cı ildönümündə Şəmkir rayonunda şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidə kompleksi ziyarət edilib. Rayon rəsmləri, ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri düzüblər. 20 Yanvar faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub. 1990-cı ilin 20 yanvar günü Azərbaycan tarixinin həm hüzn, həm  də qəhrəmanlıq səhifəsidir. Bu faciə imperiyanın tək Azərbaycan xalqına qarşı yox, eyni zamanda bəşəriyyətə, insanlığa qarşı yönəldilən soyqırım siyasəti olub. Şəmkirdə gənclər, müharibə veteranları və əsgərlər 50 metr uzunluğu olan bayrağı başları üzərində Şəhidlər Xiyabanına kimi daşıyıblar. Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan mərd mübarizlərin məzarları ziyarət olunub.

Göygöldə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir Şəhidlər Xiyabanının ziyarətilə başlayıb. Sakinlər səhər saatlarından başlayaraq xiyabana axın ediblər. Müstəqilliyimiz uğrunda, torpaqlarımızın ərazi bütovlüyü naminə canlarını qurban verən şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə tər çiçəklər düzülüb. Şəhid olan soydaşlarımızın unudulmaz xatirəsinin xalqın qəlbində əbədi yaşayacağına və nahaq qanın yerdə qalmayacağına əminlik ifadə olunub. Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan polis əməkdaşlarının məzarları da ziyarət olunub.

Samux rayonunda keçirilən tədbir isə məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri rəsm sərgisi ilə başlayıb. Xalqımızın uzun illər boyu azadlıq və müstəqillik arzusundan, bu yolda apardıqları mübarizədən, 20 Yanvar faciəsinin dəhşətlərindən ətraflı bəhs edilib. Qanlı faciəni əks etdirən ədəbi-bədii kompozisiya təqdim olunub. Şəhidlərin xatirəsinə ucaldılan abidə ziyarət edilib. 10 mindən çox rayon sakini abidə komplesi önünə tər qərənfillər düzüb. 

Tovuz rayonunda təşkil olunan tədbirdə də Şəhidlər xiyabanında uyuyanların xatirəsi anılıb. 1990-cı il yanvarın 20-də baş verən hadisələrdən 26 il ötməsinə baxmayaraq, şəhidlərin əziz xatirəsinin heç vaxt unudulmayacağı bildirilib. 

20 Yanvar faciəsinin qurbanları Respublikanın hər yerində olduğu kimi, Gəncədə də anılıb. Faciənin 26-cı ildönümünə həsr olunan ümumşəhər toplantısında şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri, şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları iştirak edib.
Bu gün Şəhidlər Xiyabanı səhərin erkən saatlarından ziyarətçilərini qəbul etməyə başladı. Sakinlər 26 il əvvəl azadlıq, müstəqillik, növbəti illərdə isə Respublikanın suverenliyi uğrunda şəhid olan həmvətənlərini ziyarətə gəlirdi. Ön cərgədə isə bu torpaqlarda yatan əsgərlərin anaları, ataları, həyat yoldaşları, övladları var idi. Şəhid məzarları ziyarət edilir, onların ruhuna dualar oxunurdu. Kimi oğlunun, kimi qardaşının, kimi atasının, kimi də tanımadığı naməlum əsgərlərin məzarı önündə dayanıb, öz ehtiramını bildirirdi şəhid ruhuna. Saatlar 12:00 göstərdikdə isə 20 Yanvar faciəsinin qurbanları və Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Şəhidlər Xiyabanında ucalan əbədi məşəl abidəsi önünə əklil və gül dəstələri düzülüb. Daha sonra faciənin 26-cı ildönümünə həsr olunan ümumşəhər toplantısı başlayıb. Çıxışlar zamanı 1990-cı ilin şənbə günü Azərbaycan xalqının başına gətirilən faciə bir daha xatırlanıb. Həmin vaxt 137 nəfərin amansızcasına qətlə yetirildiyi, 744 nəfərin isə yaralandığı vurğulanıb. Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları ədəbi-bədii kompozisiya nümayiş etdirib. 

"Kimliyindən asılı olmayaraq, bu topraqlarda yatan hər bir əsgər bu xalqın övladıdır. Bu xalq - vətən, torpaq uğrunda canından keçən şəhidlər qarşısında borcludur və bu borc Azərbaycanın üçrəngli bayrağı əbədi və əzəli Azərbaycan torpaqları olan Qarabağda dalğalanmayanadək ödənilməyəcək".
Qeyd edək ki, 20 Yanvar faciəsinin 26-cı ildönümünə hazırlıq işlərinə bir neçə gün əvvəldən başlanılıb. "Şəhidlər Xiyabanı" Memorial Kompleksi və onun ətrafında səliqə-səhman yaradılıb. Əbədi Məşəl abidəsi yanında güllərdən kompozisiya qurulub.

Ələddin Hüseynov - Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Əhaliyə Xidmət Şöbəsinin müdiri: "20 Yanvar qabağı təmizlik-abadlıq işləri aparılır. Bu il də təmizlik-abadlıq işləri aparılıb ki, sakinlər gəlib, rahat ziyarət edib, gedə bilsinlər".
Gəncə şəhərindəki "Şəhidlər Xiyabanı" 2011-ci ildə yenidən qurulub. Burada ucaldılan əbədi məşəl abidəsinin hündürlüyü isə 21,5 metrdır. Hazırda xiyabanda 370-dək şəhid məzarı var. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.