Turizmdə inqilab dövrü - otellər qiymətləri endirdi

Day.Az представляет новость на азербайджанском языке:

"Hazırda Azərbaycanda yerli mehmanxanalardakı qiymətlər çox baha deyil. Apardığımız monitorinqlər göstərir ki, manatın məzənnəsinin dəyişməsindən sonra dollar məzənnəsi ilə iki nəfərlik bir otaq-nömrənin qiyməti 25-30 dollara enib. Ona görə də indi otellərdə qiymətlər münasibdir. Yəni hazırda günlük cəmi 35-40 manata otel nömrəsi götürmək olur. Amma bu qiymətlər yerli otellərə aiddir. Brend, məşhur 5 ulduzlu otellərdə isə qiymətlər onların mərkəzi ofisləri tərəfindən müəyyən olunduğundan orada hələlik ciddi dəyişiklik müşahidə edilmir".

Bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, qiymətlərin ucuzlaşması iki cür aparılır və burada müəyyən çeviklik var: "Fərdi turist olanda bir qiymət olur, kütləvi, yəni daha çox tursit olanda qiymətlər daha aşağı olur. Ona görə də ölkədə kütləvi turizm nə qədər çox inkişaf edərsə, otellərdəki qiymətlər də nisbətən ucuzlaşar".

ATA-nın baş katibi qeyd edib ki, hazırda ölkədə daxili və gəlmə turizm üçün hər cür şərait yaradılıb. Turizm şirkətləri və otellər üçün lisenziyalaşdırma ləğv olunub. Artıq hər bir şəxs bu sahədə lisenziyası olmadan sahibkarlıqla məşğul ola bilər və buna görə artıq pul ödəmir. Digər tərəfdən, artıq neçə illərdir ki, müvafiq infrastruktur yaradılıb. Qaz, işıq, su təchizatı var. Xüsusən Bakıda bir sıra tarixi abidələr dövlət tərəfindən təmir və bərpa olunub, yeni muzeylər istifadəyə verilib.

M.Ağakərimovun fikrincə, indi yalnız turizm şirkətlərinin və otellərin əl-qolunu çırmalayıb işləməsi qalıb: "Onlar fəaliyyətini dövrün tələbinə uyğun qurmalı, ölkəyə daha çox turist cəlb etmək üçün əlavə xidmətlər təklif etməli, maraqlı turpaketlər, marşrutlar hazırlamalıdırlar. Əvvəlki illərlə indikinin fərqi odur ki, əvvəllər Azərbaycana müxtəlif tədbirlərlə - simpoziumlar, konfranslar, toplantılar, yarışlarla əlaqədar çoxlu qonaqlar gəlirdirlər. Bəzi otellər də elə bilirdi ki, elə həmişə belə olacaq. Amma indi elə bir şərait yaranıb ki, otellər, turizm şirkətləri özləri Azərbaycana turist, qonaq gətirməlidirlər. İndi onlar daha çox əziyyət çəkməli, münasib şərtlərlə müqavilələr bağlamalı, qonşu dövlətləri, keçmiş sovet, Şərqi Avropa və digər ölkələrin bazarını ələ alıb bura turist cəlb etməlidirlər. Bunun üçün isə işləmək lazımdır".