İctimai asayişin qorunmasında vətəndaşların iştirakı nə vəd edir?

Day.Az представляет новость на азербайджанском языке:

Azərbaycan Prezidenti İlham Əliyevin ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə imzaladığı fərman ölkədə ictimai təhlükəsizliyin yüksək səviyyədə qorunmasına yardım edəcək. Bunu Trend-ə keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mətkəzinin rəhbəri Mahmud Hacıyev deyib.

Dövlət başçısının bu fərmanını alqışlayan ekspert bildirib ki, ictimai asayişin qorunmasında vətəndaşların iştirakı Azərbaycan təcrübəsində olub: "Sovet dövründə ictimai təhlükəsizliyi qorumaq məqsədilə vətəndaşlar milisin fəaliyyətinə cəlb edilirdi. Yəni iş yerində, yaşayış yerində müsbət xarakterizə olunan şəxsləri bu işə cəlb edirdilər. Bu, 1960-1970-ci illərdə olub. Bu proses həmin vaxt çox müsbət nəticə verirdi. Bu şəxslər ictimai asayişin qorunması məqsədilə kütləvi tədbirlərdə, kinoteatrlarda, idman saraylarında keçirilən festivallarda və s. iştirak edirdilər. Onlar bəzi hallarda milislə bir yerdə, bəzən də özləri reydlər keçirirdilər".

M.Hacıyev deyib ki, müstəqillik dövründə Azərbaycanda polis sistemində müəyyən struktur islahatları aparıldı və bu məsələ bir növ diqqətdən kənarda qaldı: "İndi bu təcrübənin yenidən bərpa edilməsi müsbət haldır və bu prosesdə keçmişin təcrübəsindən də istifadə etməyə dəyər".

Ekspert bu prosesdə gənclərdən istifadə edilməsini də alqışlayır: "Bu işə gənclərin cəlb edilməsi daha müsbət nəticə verəcək. Yəni gənc, enerjili, sağlam, intellektli, tərbiyəli gənclərə üstünlük veriləcək, bu göstəricilər əsas götürüləcək. Bu proses xüsusi qaydalar əsasında həyata keçiriləcək. Yəni bu işə cəlb edilən gənclər polisin səlahiyyətlərindən istifadə edə bilməz, yəni bu prosesdə sui-istifadə hallarına yol verilməyəcək. Bunun üçün xüsusi təlimat və qaydalar var ki, vətəndaş da həmin qaydalara uyğun hərəkət edəcək".

Onun sözlərinə görə, bu prosesdə media qurumları da aktiv olmalıdır, çünki bu sahədə vətəndaşların maarifləndirilməsinə çox ehtiyac var: "Bu prosesdə bir məsələ var. Hansısa gəncin polisə dəstək verməsi bəziləri tərəfindən birmənalı qarşılanmayacaq. Deyəcəklər ki, həmin şəxs polisə məlumat ötürür, həmin adamdan uzaq gəzmək lazımdır və s. Məsələn, hər hansı bir hadisə olur, lakin polis hadisə şahidlərindən soruşanda onlar deyirlər ki, görməmişik. Bu cür halların baş verməməsi üçün kütləvi informasiya vasitələri, xüsusən də telekanallar vətəndaşlar arasında təbliğat aparmalı, işin xırdalıqlarını ictimaiyyətə aşılamalıdır. Bununla bağlı hüquqi marifləndirmə tədbirləri aparılmalıdır".

"Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev də bu fərmanı müsbət qiymətləndirir və ictimaiyyətdə buna çoxdan zərurət yarandığını deyir: "Bu gün zərurət yarandığı üçün dövlət başçısı bunu normativ hüquqi akt kimi qəbul edib. Bunu 20 il əvvəl də etmək olardı. Lakin həmin vaxt ölkədəki vəziyyətlə əlaqədar buna o qədər də ehtiyac duyulmadı. Hazırda Azərbaycanda baş verən cinayətlərin bir çoxunun üstü açılsa da, bağlı qalan cinayətlərin də sayı az deyil. Bu cinayətlər ona görə bağlı qalır ki, gündəlik olaraq polisə məlum olmayan şəraitdə cinayətlər baş verir. Vətəndaşlar bu cinayətlərin şahidi olanda belə, həmin cinayət barədə məlumat vermirlər. Onlar düşünürlər ki, cinayətin üstünün açılması yalnız hüquq-mühafizə orqanlarının səlahiyyəti daxilindədir. Biz vətəndaş olaraq, cinayətlərin üstünün açılmasında iştirakımızı o qədər də mühüm hesab etmirik".

İctimai asayişin qorunmasına cəlb edilən şəxslərin polisin səlahiyyətlərindən sui-istifadə etməsi məsələsinə də toxunan Ş.Əliyev qeyd edib ki, həmin fərmanla təsdiq olunmuş "İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası"nda da göstərilib ki, ictimai asayişin qorunmasında iştirak edən vətəndaşlar özlərini polis orqanlarının vəzifəli şəxsi kimi təqdim edə bilməzlər: "Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində qeyd olunur ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır".

O bildirib ki, ictimai asayişin qorunmasında vətəndaşların iştirakı bir çox ölkələrdə var: "Ölkədə daxili sabitliyə nail olunmasında vətəndaşların əməyi niyə olmasın? Buna görə də fərman çox təqdirəlayiqdir. Vətəndaşların ictimai asayişin qorunmasına cəlb olunması, həmçinin cəmiyyətin polisə yaxın olmasına imkan verəcək".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb. Bu fərmanla qanunçuluğun və hüquq qaydasının qorunmasında vətəndaşların geniş iştirakının təmin edilməsi, polis orqanlarına ictimai dəstəyin təşviqi, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə "İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası" təsdiq edilir. Fərmana əsasən, Daxili İşlər Nazirliyi vətəndaşların ictimai asayişin qorunmasında iştiraka cəlb edilməsi üçün zəruri tədbirlər görməlidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.