Zibilliyə atılan bankalar mətbəximizə qayıdır?

Day.Az представляет новость на азербайджанском языке.

Evimizdə istifadə etmədiyimiz məhsulların son dayanacağı zibilliklərdir. Bizə lazımsız kimi görünən bu məhsullar çox vaxt bomjlar üçün "göydəndüşmə" olur. Elə buna görədir ki, hər gün zibilliklərin ətrafında müxtəlif insanlara rast gəlmək olar. Onlardan kimisi zibil qutularını eşələyib quru çörək axtarır, kimisi metal qırıntısı, kimisi də başqa şey. Son dövrlər zibilliklərdəki boş bankaları yığıb naməlum istiqamətə daşıyanların da sayı kifayət qədərdir. Bəzən bomj, bəzən kasıb, bəzən kimsəsiz təsiri bağışlayan bu insanlar təkcə boş bankaları toplamırlar, həm də içi xarab məhsullarla dolu bankaları götürürlər. Boş bankaları toplayanlar həyətlərdəki su krantlarında onları yuyub təmizləyir, sonra öz arabalarına yığıb ərazidən uzaqlaşırlar...

Yeri gəlmişkən, bir məqamı da qeyd etmək yerinə düşər: banka yığanlar çox vaxt onları həyətlərdəki krantlarda yuyarkən təmizliyə riayət etmir, ətrafı bulaşdırır, antisanitar vəziyyət yaradırlar. Ən dəhşətlisi də odur ki, sonra həmin krantlarda insanlar gəlib əl-üzlərini yuyur, bəziləri hətta su içirlər. Uşaqlar üçün isə bu daha təhlükəlidir.

Bəs boş bankaları toplayanlar onları neyləyirlər, hansı məqsədlər üçün istifadə edirlər? Dəfələrlə bankaları toplayıb naməlum istiqamətə aparanlarla söhbətləşib, bu suallara aydınlıq gətirməyə çalışsam da, buna nail ola bilməmişəm. Onlara yaxınlaşıb bu barədə suallar versəm də, birmənalı cavab verməkdən yayınıblar...

Ancaq ehtimal var ki, bu bankalar müxtəlif insanlara və ya yerlərə satılır. Məsələn, iddialar var ki, qatıq satanlar bu cür bankaları alıb istifadə edirlər. Bəlkə də bu iddia, haradasa, ağlabatandır. Belə ki, 1 banka qatıq çox vaxt 1 manata satılır. Qatıqsatanlar hər dəfə bu iş üçün banka almaqda maraqlı görünməyə bilərlər. Bundansa onlar daha ucuz qiymətə banka alıb, sata da bilərlər. Hər halda bu bir ehtimaldır və həqiqət olub-olmadığını demək çətindir.

"Bazarlara girəndə onminlərlə banka görürürük..."

Mövzu ilə bağlı "Zaman-Azərbaycan"a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov zibilliklərdən toplanan bankaların müxtəlif şəxslərə satıldığını dedi. Eyyub Hüseynovun sözlərinə görə, elə buna görədir ki, bu bankaları zibilliklərdən toplayan insanlar kifayət qədərdir: "Bazarlara girəndə on minlərlə banka görürük, içində şorabalar görürük. Bu bankaların hamısı həmin yerlərə gedir. Şüşə qablarda məhsul istehsalının mən tam tərəfdarıyam. Lakin şüşə qablarda məhsul satanlar həmin qabları geri almalıdırlar. Sovet dövründə belə idi. Bankalar sterilizə olunur və təkrar istifadə edilirdi. Eyni şey indi də olmalıdır. Sovet dövründə istehsalçı şüşə qabları geri qaytaranlara növbəti mal alanda endirim edirdi. Buna görə də vətəndaşlar həmin şüşə qabları atmırdılar, təmizləyib evlərində saxlayır və ya qəbul məntəqələrinə verirdilər. İndi bu cür bankalar, şüşə qablar yaxşı təmizlənmədən istehsal yerlərinə verilir".

Eyyub Hüseynovun fikrincə, bunun nəticəsidir ki, apteklərimiz dolub-daşır, insanlar xəstəxanalarda növbəyə düzülürlər: "Hansı aptekə girirsən görürsən ki, insanlarla doludur. Bu onun göstəricisidir ki, bu kimi yerlərdə problemlər var". Müsahibimizin sözlərinə görə, bu sahəyə nəzarətin gücləndirilməsinə ehtiyac var.

"Bir çox infeksiyalar qaynadılmaya, yuyulmaya qarşı kifayət qədər davamlıdırlar"

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-qastroenteroloqu Habil Hüseynovun isə sualımıza cavabı belə oldu: "Bəzi müəssisələr öz etiketlərində qeyd edirlər ki, onlar istehsal zamanı heç bir qabı təkrar istifadə etmirlər. Müəyyən standartlar var ki, buna əməl edən şirkətlər öz məhsullarının üzərində "qablarımız təkrar istifadə olunmur" deyə qeyd yazırlar. Qaldı ki, zibillik mafiyasına - demək olar ki, dünyanın əksər ölkələrində bu var. Zibillik mafiyası bütün dünyada məşhurdur. Məsələn, Moskvanın zibillik mafiyası öz məşhurluğu ilə gündəmə gəlmişdi. Lakin Azərbaycanda bununla bağlı vəziyyəti bilmirəm. Çünki hazırda Zibil Emalı Zavodu qurulub və güman edirəm ki, burada işlər müasir səviyyədə qurulduğu üçün emal kustar üsulla getmir. Əvvəllər bu işlə məşğul olanlar daha çox idilər. O ki qaldı balon və bankaların zibilliklərdən yığılmasına, bu barədə əlimdə konkret fakt yoxdur. Məsələnin tibbi tərəfinə gəlincə, əgər istehsal müəssisəsi bu qabları dezinfeksiya eləyib tam yararlı hala salmadan vətəndaşa verirsə, əlbəttə, burada kifayət qədər yoluxucu xəstəliklərlə qarşı-qarşıya gəlmək mümkündür. Burada əsasən infeksion xəstəliklərdən söhbət gedir. Bu, qarın ağrısı da ola bilər, bu, tənəffüs yollarının infeksiyaları da ola bilər, dəri xəstəlikləri də ola bilər, allergik xəstəliklər də ola bilər".

Müsahibimiz dedi ki, əgər bu cür bankalarda məhsul istehsal edilib evlərimizə gətirilirsə, bununla bağlı heç bir güvəncimiz yoxdur: "Maksimum görülə biləcək iş bankanın qaynadılması ola bilər. Amma bir çox infeksiyalar qaynadılmaya, yuyulmaya qarşı kifayət qədər davamlıdırlar. Dezinfeksiya və steriliezasiyanın xüsusi qaydaları var - yüksək təzyiq və yüksək temperatur altında aparılır. Xüsusilə, vərəm infeksiyaları çox dözümlüdürlər. Ona görə də banka və digər şüşə qablar zibillikdən yığıldıqdan sonra ən yaxşı halda qaynanmış su ilə yuyulubsa belə, lazım olan qədər təmizləndi demək deyil və insan həyatı üçün kifayət qədər təhlükəlidir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.