Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanmasında rolu

Azərbaycanın inkişafında hansı sahəyə əlinizi qoysanız...

"Qırx il kölə kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır" - deyirdi Babək Xürrəmidinin... Bütün xalqların, insanların da mübarizə apardığı əsas məqsədlərdən biri, bəlkə də birincisi müstəqillikdir. Amma müstəqilliyi qazanmaq nə qədər çətin olsa da, ondan da çətin olan onu qoruyub saxlamaqdır.

Azərbaycan da 1991-ci ilin 18 oktyabrında yenidən müstəqilliyini qazanmışdı. Bu müstəqilliyin qorunması və davamlı olması vacib idi. Bunun üçün isə xalqın önündə gedən bir şəxsiyyətə ehtiyac var idi. Həmin dövrdə isə bu çətin vəzifəni ulu öndər Heydər Əliyev öz üzərinə götürdü. Bu yazıda da müstəqilliyin qorunub saxlanmasında Heydər Əliyevin rolundan danışacağıq.

"...müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq"

Politoloq Zaur Məmmədov day.az-a açıqlamasında bildirdi ki, hər bir xalqın, millətin formalaşmasında, onun güclü toplum kimi mövcudluğuna gedən yolda tarixi şəxsiyyətlərin rolu müstəsnadır. Azadlıq uğrunda mübarizədə hər bir xalqın öz qəhrəmanları var: "Məmməd Əmin Rəsulzadə, Heydər Əliyev kimi şəxsiyyətlər sahəsində bugün Azərbaycan müstəqil dövlət kimi mövcuddur. Əgər 1918-1920 ci illərdəki AXC dövründə M.Rəsulzadənin misilsiz xidmətləri vardısa, onun varisi olan müstəqil Azərbaycan Respublikasının istiqlaliyyətinin qorunmasında və möhkəmləndirilməsində Heydər Əliyevin misilsiz rolu var. Müstəqilliyimizin ilk illərində ölkədə tüğyan edən anarxiya, separatçılıq, səriştəsiz xarici siyasət dövlətimiz daxilində böhranla nəticələndi. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkənin bütün sahələrində, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni əlaqələrində dönüş yaratmışdı. Azərbaycanın beynəlxalq münasibətlər sisteminə qatılmasında və nüfuzlu qurumlarla əməkdaşlığı genişləndirməsində Heydər Əliyevin müstəsna xidmətləri var".

Z.Məmmədov deyir ki, ölkəmizin dünya birliyində mövqelərinin möhkəmləndirilməsinin, əməkdaşlığın genişləndirilməsinin və reytinqinin getdikcə artmasının əsası məhz H.Əliyev tərəfindən qoyulub: "XX əsrin ən güclü diplomatlarından olan Heydər Əliyevin çevikliyi, uzungörənliyi nəticəsində Azərbaycan beynəlxalq arenada uğurla addımlayırdı və bu gün də onun əsasını qoyduğu siyasətin davamının şahidiyik. Olduqca çətin geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, Azərbaycan istər İsrail-İran, istər ABŞ-Rusiya, istərsə də Türkiyə-İran-Rusiya verktorları ilə balanslı siyasətini qurub. Beləliklə, biz bu gün sözün həqiqi mənasında müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq".

"Belə missiyanı həmin dövrdə çox az insan bacara bilərdi"

Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli bildirdi ki, Azərbaycanın XX əsrin sonlarında qazandığı ən böyük nemətlərdən biri əsrin əvvəllərində itirdiyi müstəqilliyini yenidən qazanmasıdır: "Sovetlər Birliyinin dağılması ilə müttəfiq respublikalar öz müstəqilliklərini elan etdilər. İndi iki cümlə ilə ifadə olunan bu poses olduqca çətin və mürəkkəb situasiyalardan keçməklə, çoxsaylı şəhidlər verilməsi hesabına başa gəlib. Biz ilk növbədə canını vətənimizin müstəqilliyi və azadlığı uğrunda qurban verən həmin şəxslərə borcluyuq. Xüsusilə, Azərbaycanın düşmənlərinin sayının çox olması, torpaqlarımıza dikilən məkrli gözlər və planlar ölkəmizdə bu prosesin təlatümlərlə və daha çox insan itkisi ilə getməsinə səbəb olmuşdu. Məhz buna görə indi də torpaqlarımızın 20 faizinə yaxın bir hissəsi işğal altında qalmaqdadır. Sözsüz ki, müstəqilliyimizin qorunub saxlanılmasında, Azərbaycan dövlətinin mövcudluğunda Heydər Əliyevin də danılmaz rolu olub".

M.Rəhimli deyir ki, ölkəmizə qarşı qurulan dağıdıcı planların, cəmiyyəti öz stabilliyindən çıxararaq uçuruma yuvarlamağa hesablanan niyyətlərin və torpaqlarımızın işğalının qarşısını almaq üçün gənc dövlətimizə zəngin təcrübəyə malik şəxsin rəhbərlik etməsi zəruri idi. Belə missiyanı isə həmin dövrdə çox az insan bacara bilərdi. Çünki bu asan məsələ deyildi: "Təbii ki, həmin şəxsdə zəngin dövlətçilik təcrübəsi, vətənsevərlik, xalqına sonsuz məhəbbət, oynanılan çox gizli və mürəkkəb siyasi oyunlardan baş açmaq və düzgün qərarlar qəbul etmək, ağır və həlledici məqamlarda məsuliyyəti öz üzərinə götürmək bacarığı və cəsarəti olmalı idi. Düşünürəm ki, Heydər Əliyevin keçdiyi uzun və zəngin idarəçilik yolu, SSRİ kimi möhtəşəm və böyük bir dövlətin rəhbərliyində çox yüksək vəzifəyə qədər qalxması ona bu missiyanın öhdəsindən layiqincə gəlmək imanı verirdi. Həm də Platonun dediyi kimi, iqtidar iqtidara düşkün olmayan və iqtidardan gələcək faydalara ehtiyacı olmayanlara verilməlidir. Yalnız bu şərtlər dövlətin qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verər. H.Əliyev də dəfələrlə bəyan etmişdi ki, onun şəxsi mənada hakimiyyətə ehtiyacı yoxdur, bunu milli maraqlar naminə edir".

"Heydər Əliyev ölkənin bütövlüyü üçün çalışdı"

Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, Heydər Əliyevin Azərbaycanın müstəqillik dövlətçilik tarixində rolu misilsizdir: "Yenidən müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın dövlət kimi möhkəmlənməsi məhz onun xidmətiylə olub. Azərbaycanı vətəndaş qarşıdurmasından xilas etdi. Bu Azərbaycan, dövlətimiz, dövlətçiliyimiz üçün ən ciddi məqam idi. Çünki vətəndaş müharibəsinin astanasında idik. Çox ciddi problemlər, Azərbaycanı vətəndaş qarşıdurmasına sürükləmək istəyən xarici qüvvələr varıydı. Daxildə vətəndaş qarşıdurması yaratmaq istəyənlər xaricdən bu dəstəyi alırdılar. Həmin qüvvələr ki onlar Azərbyacanın güclənməyini istəmirdilər, müstəqil dövlət kimi inkişafını istəmirdilər. O qüvvələrin əli ilə bu hadisələr törədilirdi. Heydər Əliyev ölkənin bütövlüyü üçün çalışdı və vətəndaş qarşıdurmasının qarşısı alındı. Azərbaycan xalqı müdrik siyasətinə inanaraq onun arxasınca getdi, ölkəmiz bir çox bəlalardan xilas oldu, dövlət kimi gücləndi və inkişaf etdi".

Millət vəkili deyir ki müstəqil ölkənin günü-gündən güclənməsi üçün iqtisadiyyatının da inkişafı vacibdir: "Azərbaycanın iqtisadiyyatı çökmüşdü. İqtisadiyyatı olmadan dövlət güclənə bilməz. Dövlətin güclənməsində iqtisadi faktorlar çox önəmliydi. H.Əliyev hakimiyyətə gəldiyi dönəmdə Azərbaycandakı iqtisadi vəziyyəti bilirdi. İqtisadi vəziyyətin ağırlığı bütün sahələrə təsir göstərirdi. Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımız işğal olunurdu, məcburi köçkünlərimiz varıydı, onların yerləşdirilməsində nə qədər ağır problemlərlə üzləşmişdik. İşğalçı siyasət yeridən Ermənistana güclü müqavimət göstərmək də hamısı iqtisadiyyata bağlı məsələlər idi. Heydər Əliyev "Əsrin müqaviləsi"ni bağlamaqla dünyanın böyük güclərini - Qərbin, Avropanın diqqətini ölkəmizə cəlb edə bildi. O diqqəti bu bölgəyə cəlb etməklə həm də ölkəyə sabitlik, təhlükəsizlik gətirdi. O böyük güclərin ölkəmizdə böyük layihələrdə iştirakı Azərbyacan dövlətinin təhlükəsizlik və sabitliyi istiqamətində də addım idi.

Ən önəmlisi bu böyük iqtisadi gəlirin əsasını qoydu. Neft sektorundakı inkişaf qeyri-neft sektoruna da müsbət təsir etdi. Azərbaycanın iqtisadi güclənməsi bir dövlət olaraq bütün sahələrdə möhkəmlənməsinin əsasını da qoydu. Hərbi sahədə güclənməsinin də əsasını qoydu. Hərbi texnikanın, hərbi texnologiyanın alınması, ölkəmizdə bu istiqamətdə qurumların yaradılması, istehsalın həyata keçirilməsi kimi işlər görüldü.  Böyük layihələr Azərbaycanın geostrateji önəmini artırdı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin əsası qoyuldu.  Bu layihələrin bir çoxu Heydər Əliyevin öz həyatını riskə qoyması üzərində də başa gəldi. Hamımız o dövrün şahidləriyik. Neçə dəfə sui-qəsd cəhdləri olundu. Bütün bu sui-qəsdlər o layihələri dayandırmaq, inkişaf etmələrinə mane olmaq üçün idi. Çünki bu layihələr Azərbaycanın həm geo-strateji önəmini artırırdı, həm ölkəmizə ciddi şəkildə böyük marağın cəlb edilməsi, bütün istiqamətlərdə Azəraycanın inkişafı demək idi. Heydər Əliyev bütün bu cəhdlərə baxmayaraq geri çəkilmədi, çox böyük işlər görüldü. Ölkəmiz bütün sahələrdə gücləndi".

"...informasiya müharibəsində mövqelərimiz zəif idi"

Q.Paşayeva qeyd etdi ki, Azərbaycan xarici siyasətinin ciddi şəkildə inkişafı da məhz onun adıyla bağlıdır: "Heydər Əliyevin iqtidara hakimiyyətə gəldiyi zaman ABŞ konqresi elə bir qərar qəbul etmişdi ki, ermənilərin bütün cinayətlərin üstündən xətt çəkirdi, sanki onlar günahsızdılar. Beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeləri ciddi şəkildə dəstəklənmirdi, informasiya müharibəsində mövqelərimiz zəif idi. Beynəlxalq təşkilatlarda uğurların artması, dipolmatik müharibədə qələbələrin qazanması və s. ciddi şəkildə onun xidmətləriylə bağlıdır. Azərbaycanın inkişafında hansı sahəyə əlinizi qoysanız, orada mütləq Heydər Əliyevin böyük və misilsiz xidmətləri var. Ona görə düşünürəm ki, biz illər keçdikcə Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz xidmətlərini daha geniş şəkildə görə biləcəyik".

"Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir" - deyirdi Heydər Əliyev

Məqalə Türk Gənclər Birliyi və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı ictimai birliklərinin Gənclər və İdman Nazirliyinin dəstəyilə keçirdiyi "Heydər Əliyev və Müstəqil Azərbaycan" müsabiqəsinə təqdim olunur.

Xəyal Abdullayev