"Kamran Həsənlinin işi ilə bağlı istintaq dayandırlıb"

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Samir Piriyevin şoumen Kamran Həsənli ilə məhkəmə işi davam edir. 

İfaçının vəkili Ceyhun Yusifov Axşam.az-a açıqlamasında məsələnin hələ də uzandığını, həllini tapmadığını bildirib.

Vəkil deyib ki, müstəntiq müxtəlif bəhanələr gətirərək, istintaqın işini təxirə salıb:

"Bu məsələ ilə bağlı bütün səbr kasamız dolub. Azərbaycan Respublikasının Baş Prokurorluğunun qaynar xəttinə şikayət bildirmişik. Həm Azərbaycan Respublikasının Baş Prokurorluğu, həm də Daxili İşlər Nazirliyinin rəhbər şəxslərinin qəbuluna düşmək üçün bütün gücümüzdən istifadə edəcəyik. Kamran Həsənlinin işi ilə bağlı istintaq müvəqqəti dayandırlıb. Səbəbini isə bilmirik. Deyirlər ki, guya Türkiyəyə sorğu göndərilib, cavab gözləyirlər. Samirin verdiyi puldan Kamran ölkədən bir qəpik çıxarmadığı halda, Türkiyədən hansı sorğuya cavab gözlənilir? Müstəntiq əvvəlcə Kamran Həsənlinin ölkədən pul çıxarıb-çıxarmadığını sübut etsin. Bunlar hamısı istintaqın işinə mane olmaq üçün bəhanələrdir. 

Guya qanuna uyğun qaydada araşdırmaq istəyirlər. Ondansa qanun yolu ilə müstəntiq Türkiyəyə ezam olunsun, maraqlansın ki, Samirin oradakı şirkətdə səhmi var? Axı yoxdur, heç bir işə pul qoyulmayıb. Bir məktuba cavaba görə, cinayət işini dayandırmaq ixtiyarını hardan alıblar? Bütün səs yazıları istintaqa təqdim olunub, Kamran Həsənli pulu aldığını etiraf edib, pul qarşılığında 15 minlik maşınını Samirə verib, 10 min dollar qaytarıb. Bunlar da sübutdur, bəs istintaqa qaranlıq qalan məqam nədir?".

Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini, onun bacısı Gülər Həsənlinin istintaqdan yayındığını bildirib. Hazırda faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.