Ənənəvi paradiqmanın iflasından sonra: xaos, yoxsa yeni nizamlılıq?

Day.Az представляет новость на азербайджанском языке

İndi dünyanın bir çox analitiki qlobal səviyyədə geosiyasi qeyri-müəyyənliyin tüğyan etdiyini vurğulayırlar. Əslində, bu barədə bir neçə ildir ki, danışılır, ancaq bu dəfə söhbət daha dərin məqamlardan gedir. Mütəxəssislər bu kontekstdə əsas olaraq dövlətlərin qüdrətsizliyinin artmasını və onların daha dayanıqsız vəziyyətə gəlməsini qeyd edirlər. Sözsüz ki, kifayət qədər maraqlı qənaətdir. Çünki dünyanın taleyi ilə birbaşa bağlıdır. Lakin bu vəziyyətin uzun müddət davam etməsi bəşəriyyəti məhvə apara bilər. Bu aspektdə xilas yolu nədə görülür? Təəssüf ki, bu barədə danışan hələlik yoxdur. Ümid verən faktorlardan biri tarixdə buna bənzər situasiyaların olmasıdır. Bugünkü reallığa həmin prizmadan baxdıqda, insanlıq üçün bir fürsətin yarandığını deyə bilərik. Bununla yanaşı, etiraf etmək gərəkdir ki, ona nail olmaq ciddi nəzəri və praktiki fəaliyyət tələb edir. Yeni paradiqma formalaşdırmaq asan proses deyil!

25 il əvvəl verilmiş bir proqnoz: təsdiqlənir!

Day.Az newtimes.az-a istinadən xəbər verir ki, 1990-cı ildə tanınmış şərhçilərdən Çarlz Krauthammer yazmışdı ki, SSRİ-nin dağılması ilə ABŞ dünyada istədiyini etmək şansı əldə edir ki, bu da təqribən 25 il çəkə bilər. Bu proqnoz demək olar ki, tam olaraq özünü doğruldub. Analitiklər Donald Trampın seçkidə qələbə qazanması ilə dünya siyasi sistemində köklü dəyişikliklərin başladığını ifadə edirlər. Bu baxımdan hesab edirlər ki, "Donald Trampın prezidentliyi siyasi tarixdə dönüş nöqtəsidir" (bax: məs.: Фёдор Лукьянов. США как источник непредсказуемости / "Россия в глобальной политике", 14 noyabr 2016).

Lakin bu yeni mərhələ bütün regionlar üçün ciddi təhlükələri meydana gətirə bilər. Çünki "beynəlxalq qeyri-sabitlik heç də birbaşa hərbi toqquşmalarla təhlükəli deyil, daha çox o (yəni qeyri-sabitlik - Newtimes.az), ölkələrin daxilinə nüfuz edir və onların dayaqlarını laxladır, dəqiq deyilsə, əsas çağırışlar dövlətlərin qüdrətsizliyi və dayanıqsızlığı ilə bağlıdır..." (bax: əvvəlki mənbəyə).

Milli dövlətçilik aspektində bu, kifayət qədər maraqlı qənaətdir. Söhbət ranqından asılı olmayaraq bütün dövlətlərin gələcək taleyindən gedir. Belə çıxır ki, qarşıdakı yaxın illərdə dünya ölkələri əsas olaraq dövlətçiliyin möhkəmlənməsi problemi ilə məşğul olmalı olacaqlar. Ancaq bu məsələdə "hər kəsin başına çarə qılması" prinsipi işləyəcək (bax: əvvəlki mənbəyə). Fyodor Lukyanovun təbirincə desək, "..."kim bacarırsa, xilas olsun" fəlsəfəsi qlobal siyasətin leytmotivinə çevrilir" (bax: əvvəlki mənbəyə).

Əgər rusiyalı analitikin son tezisi düzgündürsə, onda həqiqətən də dünyanı ciddi geosiyasi silkələnmələr gözləyir. Onu da xatırladaq ki, Frensis Fukuyama bir neçə il əvvəl yazdığı əsərdə beynəlxalq miqyasda qeyri-müəyyənliyin artmasında əsas səbəb kimi əksər dövlətlərin zəifliyini göstərmişdi (bax: Francis Fukuyama. State-Building: Governance and World Order in the 21st Century. Cornell University Press, 2004, 160 p.). İndi bu nəticəni digər mütəxəssislər də təsdiqləyirlər, çünki dünyada baş verən geosiyasi proseslər praktiki səviyyədə onu nümayiş etdirir.

Bununla da analitik və ekspertlər qlobal miqyasda qeyri-sabitliyin dərinləşdiyini deməklə yanaşı, hesab edirlər ki, təhlükə dövlətlərin daxilinə sürətlə sirayət edir. Bu dağıdıcı faktorlar hansılardır? İlk olaraq terrorun adı çəkilir. Müxtəlif regionlarda radikal düşüncəli kütlənin formalaşdığından bəhs edilir. Bu insanlar artıq əvvəlki qaydalar çərçivəsində yaşamaq istəmirlər. Onların fərqli həyat tərzi keçirməsi qarşısında başlıca əngəl isə dövlətin qoyduğu məhdudiyyətlərdir. Həmin səbəbdən aqressiya öncə dövlətlərə qarşı yönəlir.

Başqa faktor kimi əsasən Qərb ölkələrində cəmiyyətlərin elitaya inamının sürətlə azalmasını göstərmək olar. Məsələnin bu tərəfi haqqında ABŞ-da D.Tramp seçkini qazandıqdan sonra daha əminliklə danışmağa başlayıblar. Respublikaçı namizədin məhz Amerika siyasi elitasına əhalinin əksər hissəsinin inamsızlığı hesabına prezident ola bildiyini vurğulayırlar. Eyni halın Qərbin digər ölkələrində də müşahidə edildiyini demək mümkündür. "Brexit" onlardan yalnız birinin təzahürü idi.

Etiraf edək ki, bu məqam kifayət qədər təhlükəli tendensiyadan xəbər verir. Əgər Qərbdə bu proses inkişaf etsə, həmin geosiyasi məkanda dövlətçiliyin qeyri-sabitliyə bürünəcəyini proqnozlaşdırmaq çətin deyil. Bu isə şübhəsiz ki, böyük bir geosiyasi məkanda xaosun baş alıb getməsi deməkdir. Dünyanın başqa regionlarına həmin prosesin təsirinin güclü ola biləcəyinə də inam vardır. Deməli, hər kəsin ayrı-ayrılıqda xilas olması tendensiyası dövrün leytmotivi olursa, bəşəriyyət faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qalır.

Xilasedici paradiqma: tarixi təcrübə və konstruktiv dialoq müstəvisində

Burada mütəxəssislərin hansı səbəbdən dövlətlərin birgə qeyri-sabitliyə qarşı mübarizə apara bilməyəcəyi barədə fikir bildirməsi maraq doğurur. Nəyə görə ümumi təhlükəyə qarşı hamı birləşməsin? Görünür, bunun əsas səbəbi sadə əhalinin dünyanın inkişaf etmiş dövlətlərindəki siyasi qüvvələrə inamının olmaması ilə bağlıdır. Və burada əsas rolu yenə ABŞ oynayır. Çünki məhz bu ölkədə gözlənilmədən vətəndaşlar siyasi elitaya qarşı böyük inamsızlıq ifadə etdilər. Bununla Amerika özü də istəmədən "qlobal qeyri-müəyyənliyin ən ciddi faktorlarından birinə çevrildi" (bax: əvvəlki mənbəyə). Məsələni qəlizləşdirən bir məqam da Amerikada əhalinin demək olar ki, yarısının D.Trampı prezident kimi qəbul etmək istəməməsidir. Deməli, bu ölkədə qarışıqlıq arta və geniş miqyas ala bilər. Amerikanın dünya siyasətində bu cür zəifləməsi isə digər dövlətlərə də mənfi təsir göstərəcək.

Bunlardan belə bir nəticə əldə etmək olar ki, dünya siyasətində özünü göstərən qeyri-müəyyənlik qlobal sabitsizliyi dərinləşdirə bilər. Onun reallaşması halında isə regionlarda antidövlətçi qüvvələrin fəallaşması mümkündür. Onlar ilk növbədə dövlətin əsaslarını sarsıtmağa cəhd göstərə bilərlər. Çox güman ki, bu zaman əsasən gənclərdən istifadə etməyə çalışacaqlar. Nəticədə, müəyyən qruplar dövlət təsisatlarını ələ keçirmək xülyasına düşərlər ki, bu da kifayət qədər ciddi təhdiddir.

Beynəlxalq hüquq sisteminin çökməsinin fəsadlarından biri də təcavüzkar dairələrin əl-qolunun açılması olar. Ermənistan kimi dövlətçiliyi onsuz da zəif olan ölkələr tamamilə xaos mənbəyinə çevrilə bilərlər. Onlar ayrı-ayrı separatçı və radikal qrupların təsiri altına düşməklə regionda qarışıqlıq yaratmağa çalışarlar. Bu cür vəziyyət beynəlxalq təşkilatların tam gücü ilə işləyə bilmədiyi bir mərhələdə daha qorxulu problemləri meydana gətirər.

Eyni proqnozu başqa regionlarda olan və təcavüzkarlığı ilə seçilən ölkələrlə bağlı da vermək mümkündür. Belə çıxır ki, qeyri-sabitlik zəncirvarı olaraq bütün dünyaya yayıla bilər. Bəs bu vəziyyətdən çıxış yolu kimi nə təklif edilir? Çox maraqlıdır ki, mütəxəssislər yalnız mənzərəni təhlil edir, ancaq xilas yolunu göstərmirlər. Bunun səbəbi üzərində düşünməyə dəyər. Çünki necə ola bilər ki, insanlar dərk edə-edə, bütövlükdə bəşəriyyətin məhvinə seyrçi qalsınlar? Bu, mümkün deyil. Deməli, burada başqa məqamlar mövcuddur.

Məsələ ondan ibarətdir ki, hələ də böyük dövlətlər dünya liderliyi iddiasından əl çəkməyiblər. Onlar haradasa, vəziyyətin sabitlikdən çıxa bilməsini razılıqla qarşılamağa meyllidirlər ki, sonra "bulanıq suda balıq tuta bilsinlər". Bu da çox risklidir, ona görə ki, söhbət ümumən dünyanın taleyindən, ölüm-qalım məsələsindən gedir. Bu səbəbdən hansısa konstruktiv ideya təklif edilməlidir. Əslində, ənənəvi geosiyasi paradiqma dəyişsə də, dünya sistemi yeni vəziyyətə keçsə də onun tamlığını saxlaya biləcək mexanizmlər mövcuddur. Burada əsas faktorun dialoq olduğunu demək mümkündür. İqtidarlar bir-birini nə qədər qəbul etməsələr də, son olaraq dünyanı yalnız hamılıqla xilas etmək mümkündür. Deməli, yeni xilas paradiqması yaradılmalıdır. Onun cizgiləri, təəssüf ki, hələlik heç nəzəri səviyyədə belə işlənməyib. Ən qorxulu məqamın bundan ibarət olduğunu düşünürük.

Yaranmış vəziyyətə başqa bucaq altında baxdıqda, ümumi səviyyədə qlobal siyasətin mürəkkəbləşməyə meylləndiyini söyləyə bilərik. Bu isə qloballaşma prosesinin birbaşa nəticəsidir. O halda indi müşahidə olunan tendensiyalar, əslində, antiqloballaşma xarakterlidir. Həmin kontekstdə inteqrasiyanın zəifləməsi və unikallığın güclənməsi dünya üçün bir fürsət faktoruna çevrilə bilərmi? Bəşər tarixində buna bənzər nümunələr varmı?

Maraqlı bir fakt yada düşür: Avropada yeni dövr, orta əsr kollektivçiliyinin (inteqrasiyanın) bu vəziyyətdən narazı əhalinin etiraz dalğası əsasında dağılması ilə meydana gəlmədimi? O zaman da feodal dövlət quruluşu tərəfdarları fəlakətdən, dövlətçiliyin məhv olmasından danışırdılar. Lakin şəhər meşşanları o dərəcədə gücləndilər ki, fərqli tarixi proseslərin reallaşması baş verdi. İndi Qərbin siyasi elitalarına qarşı olan qüvvələrin tarixdə yeni dövlətçilik ənənəsini yarada bilməyəcəyini nəyə görə demək olar? Deməli, indiki qeyri-sabitlik gələcək yeni nizamın əsası ola bilər. Bunun fəlsəfəsi və geosiyasi-nəzəri izahı genişdir və ayrıca yanaşma tələb edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.