Azərbaycandan Gürcüstana brilliant keçirənlər barədə RƏSMİ AÇIQLAMA

Day.Az представляет новость на азербайджанском языке

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Gürcüstanın gömrük orqanları tərəfindən Azərbaycandan Gürcüstana brilliant keçirən şəxslərin saxlanılması barədə məlumat yayılıb.

Day.Az Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinə istinadən bildirir ki, həmin şəxslər Azərbaycan vətəndaşları Niyazi Məmmədov, Elxan Hüseynov və Gürcüstan Respublikası vətəndaşı Namiq Bayramovdur. 
 
"Azərbaycanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda aparılan yoxlama zamanı Niyazi Məmədovun pul qabından 81, Namiq Bayramovun paltarına tikilmiş yarliqdan isə 476 ədəd qiymətli daşlar aşkar edilib. Aparılan ekspertiza nəticəsində o da məlum olub ki, cəmi 21 karat təşkil edən qiymətli daşların birinin təqribi çəkisi 0,007 qramdır, ümumi dəyəri 43486 lari və ya 17000 ABŞ dollarına bərabərdir.
 
Qeyd olunan malın çəkisinə və ümumi dəyərinə nəzər yetirdikdə aşkar edilən faktın bəzi kütləvi informasiya vasitələrində iddia olunduğu qədər ciddi qaçaqmalçılıq faktı kimi təqdim olunması və bu iddiaların fonunda dövlət qurumlarının fəaliyyətinin şübhə altına alınması qəbuledilməzdir. Dövlət Gömrük Komitəsi belə bir hadisənin baş verməsinə haqq qazandırmır. Lakin bəzi kütləvi informasiya vasitələrinin bu fakta əsaslanaraq gömrük orqanlarının fəaliyyətinə kölgə salmaq cəhdinə təəssüflənir.
 
Belə ki, ilk baxışda aşkar edilən qiymətli daşlar kəmiyyət baxımından çox görünsə də, onun çəkisi və ümumi dəyəri ölkəmizin gömrük orqanlarının indiyə qədər üzə çıxardığı analoji faktlarla müqayisə oluna bilməz. Azərbaycan gömrük orqanları daim qaçaqmalçılığa qarşı ciddi, qətiyyətli mübarizə aparır və ölkəmizin gömrük orqanları tərəfindən qızıl, qiymətli daşların qaçaqmalçılığı ilə bağlı onlarla belə fakt aşkar edilib ki, həmin faktlar üzrə qaçaqmalçılıq predmetlərinin gömrük dəyəri bəhs olunan faktla müqayisədə dəfələrlə çoxdur", - deyə məlumatda vurğulanıb.
 
Xatırladaq ki, qeyd olunan faktla bağlı Dövlət Gömrük Komitəsi tərəfindən araşdırmalar davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.