Azərbaycana hər cür hərbi dəstək verəcəyini deyən yeganə ölkə

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanın Pakistanla hərbi və hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirməsinə ehtiyac var".

Azərbaycan bir sıra ölkələrlə hərbi və hərbi-texniki sıx əməkdaşlıq edir. Lakin bir neçə ölkə var ki, onların arasında xüsusi fərqlənir. Onlardan biri də Pakistandır. Son illərdə isə iki ölkə arasında qeyd edilən sahədə əməkdaşlığın səviyyəsı getdikcə yüksəlir, onun inkişafına xüsusi diqqət yetirilir.

Bəs hazırda Azərbaycanla Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın əsas komponentlərini nələr təşkil edir və bu, Bakı ilə İslamabada nə üçün lazımdır?

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Azeri Defence" hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanov bildirib ki, Pakistan Azərbaycan üçün həm hərbi, həm də siyasi cəhətdən xüsusi əhəmiyyət kəsb edən ölkədir:

"Azərbaycan və Pakistan arasında hərbi əlaqələr hələ 1992-ci ildə yaradılıb. Həmin dövrdən Azərbaycan Silahlı Qüvvələrinin və digər hərbi qurumların nümayəndələri mütəmadi olaraq Pakistanda keçirilən təlimlərdə iştirak edirlər. Xüsusilə də Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələrinin və xüsusi təyinatlıların Pakistanda təkmilləşdirmə kursları və təlimlərdə iştirakı diqqəti cəlb edir. Hər il Silahlı Qüvvələrin müxtəlif strukturlarının nümayəndələrinin də daxil olduğu Azərbaycan-Pakistan İşçi Qrupunun görüşü keçirilir və növbəti il üçün iş planları tərtib olunur.

Pakistan Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının hazırlanmasında yaxından iştirak edən ölkələrdəndir. Bundan başqa, qeyd edə bilərəm ki, hər il ölkələrin silahlı qüvvələrinin rəhbərlərinin qarşılıqlı səfərləri reallaşır.

Pakistan bu gün faktiki olaraq Ermənistanı dövlət olaraq tanımayan iki ölkədən biri və Azərbaycana hər cür hərbi dəstək verə biləcəyini açıq şəkildə ifadə edən yeganə ölkədir. Azərbaycan da Kəşmir məsələsində Pakistanın mövqeyini müdafiə edir, bu ölkədə bir sıra sosial layihələr həyata keçirir. Onu da qeyd edim ki, Pakistan 1992-ci ildə Azərbaycana ilk hərbi yardım göstərən ölkələrdən olub".

Ekspert qeyd edib ki, 2008-ci ildən iki ölkə arasında müdafiə sənayesi sektorunda da əməkdaşlığa start verilib: "2008-ci ilin sonlarında Azərbaycan istehsalı olan bir neçə silah Pakistanda keçirilən hərbi sərgidə nümayiş olunub. Hazırda iki ölkə arasında müdafiə sənayesi sektorunda əməkdaşlığa dair memorandumun hazırlanması üzərində işlər gedir.

Cari ildə Azərbaycan-Pakistan hərbi-texniki əlaqələrində dinamizm müşahidə olunub. İlin əvvəlində Pakistanın aparıcı müdafiə sənayesi müəssisələrindən olan GİDS-in nümayəndələri bir neçə dəfə Bakıda olublar. Aprel ayında İslamabadda keçirilmiş hökumətlərarası komissiyanın  iclasında müdafiə sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. May ayında isə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisə rəhbərlərindən ibarət heyət Pakistana səfər edərək bu ölkənin hərbi sənaye obyektlərində olub, əməkdaşlıq imkanlarını araşdırıb.

Onu da qeyd edim ki, sentyabr ayında Pakistanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən əsas dövlət müəssisələrindən POF və Pakistan Aeronautical Complex Bakıda keçirilən sərgidə təmsil olunub. Pakistanın müdafiə sənayesi naziri və baş naziri Azərbaycanda səfərdə olub. Eyni zamanda ötən həftə baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə sənayesi naziri Yavər Camalov Pakistanda keçirilən hərbi sərgiyə qatılıb, görüşlər keçiriblər".

Baş redaktor qeyd edib ki, Pakistan hərbi sənaye yetkililərinin sözlərinə görə, hazırda iki ölkə arasında bir sıra yeni layihələr müzakirə olunur: "Bunların arasında bir sıra məhsulların Azərbaycana ixracı və texnologiya transferi də var. Bu məhsullar sırasında uzun mənzilli raketlər, JF-17 "Thunder" döyüş, "Super Mushshak" təlim təyyarəsi də var. 2014-cü ilin sonunda Pakistana səfər edən müdafiə naziri Zakir Həsənov PAC zavoduna baş çəkərək təyyarənin imkanları ilə tanış olub. Artıq Pakistan tərəfi döyüş təyyarələrinin Azərbaycana ixracına mane olan iki problemin aradan qaldırıldığını ifadə edir. Pakistan prezidenti Məmnun Hüseyn də təyyarənin tezliklə ixrac olunacağını deyib".

R.Süleymanovun fikrincə, ümumiyyətlə, Azərbaycanın Pakistanla hərbi və hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirməsinə ehtiyac vardır: "Birincisi, Pakistan müdafiə sənayesi bir sıra sahələrdə önə çıxıb. Məsələn, orta və uzaq mənzilli raketlərin yaradılmasında, tank mərmilərinin, partladıcı döyüş başlıqlarının istehsalında, tank modernizasiyasında Pakistanın imkanlarından yararlanmaq olar.

Eyni zamanda Pakistan Ordusu dünyanın ən böyük ordularındandır və Azərbaycan özü Pakistandan idxal etdiyi kimi, bəzi məhsulları, xüsusilə də zirehli maşınların, snayper tüfənglərinin, qumbaraatanların, digər atıcı silahların Pakistana ixracını gerçəkləşdirə bilər. Silahlı Qüvvələrin təlim potensialının təkmilləşdirilməsində Pakistanda keçirilən tədbirlərin böyük əhəmiyyətinin ola biləcəyini düşünürəm. Xüsusən də SAT/SAS və dağ-komando təlimlərində Pakistanın kifayət qədər təcrübəsi var. Məndə olan məlumata görə, İDEAS-2016 sərgisi çərçivəsində ölkələr arasında hərbi sahədə bəzi anlaşmalar əldə olunub. Bu istiqamətdəki bəzi məsələlər 2017-ci ildə reallaşacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.