Azərbaycan İranın işğalçı Ermənistana əməli təzyiq göstərəcəyini gözləyir

Day.Az представляет новость на азербайджанском языке

İran prezidenti Həsən Ruhaninin dekabrın 21-də işğalçı Ermənistanın paytaxtı İrəvana  gözlənilən səfəri Azərbaycanda heç də birmənalı qarşılanmır. Siyasi proseslərin gedişindən az-çox məlumatlı olanların əksəriyyəti İranın ümumiyyətlə Ermənistanla əlaqələrini ilbəil artırmasını təəssüf hissi ilə qarşılayır. 

Milli Məclisin üzvü, "Ana Vətən" Partiyasının sədri Fəzail Ağamalı Milli.Az-a açıqlamasında bildirib ki, İran prezidenti Həsən Ruhaninin Ermənistana rəsmi səfəri ənənəvi protokol xarakteri daşıyan addım olsa da, hər halda bu səfər Ermənistana əlavə impuls verir ki, Azərbaycana qarşı öz işğalçılıq siyasətini davam etdirsin:

"Hər halda belə səfərlər Ermənistanın ayaq üstə durmasına, indiki durumda problemlərini həll etməsinə müəyyən dərəcədə zəmin yaradır. Bu isə bizdə çox böyük təəssüf hissi doğurur.

Son vaxtlar, xüsusən də Həsən Ruhaninin prezidentliyi dövründə İranla Azərbaycan arasında münasibətlər daha da istiləşib. İki ölkə arasında dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində əlaqələr sürətlə inkişaf edir. Amma biz doğrudan da bu gün gözləyirik ki, İran öz kəskin mövqeyi ilə Ermənistanı işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmağa məcbur etsin. İran bunu rəsmi bəyanatlarında ifadə edir, amma biz çox istərdik ki, bu, eyni zamanda əməli addımlarla da müşayiət olunsun".

Millət vəkili İrandakı bəzi dairələrin Azərbaycan-İsrail münasibətlərini arqument kimi irəli sürərək buna qarşı çıxmasına münasibət bildirib:

"Çox təəssüf edirəm ki, İranda bəzi dairələr Azərbaycan-İsrail münasibətlərinə qısqanclıqla yanaşırlar. Amma bunun üçün onların heç bir əsası yoxdur. Azərbaycan dövləti dünyanın bütün ölkələri ilə ikitərəfli münasibətlərə üstünlük verir və qurulan münasibətlərin heç biri başqa üçüncü dövlətin maraqlarına və məqsədlərinə qarşı yönəlməyib.

Azərbaycan ən çətin anlarda İranın yanında olub. Bir neçə müddət öncə ABŞ və onun müttəfiqləri nüvə enerjisi ilə bağlı məsələlərin intensiv və qızğın müzakirələri dövründə İrana qarşı sanksiyalar tətbiq edəndə Azərbaycan ölkə prezidenti səviyyəsində öz mövqeyini ortaya qoydu. Dövlət başçısı elə bir bəyanatla çıxış etdi ki, Azərbaycan heç bir halda öz ərazisində üçüncü bir dövlətin İrana qarşı fəaliyyətinə icazə verməyəcək. Biz hər zaman bütün dövlətlərlə bağladığımız müqavilə və sazişlərlə, qurduğumuz əməkdaşlıqla özümüzü çox etibarl tərəfdaş kimi təsdiq etmişik. Qurduğumuz münasibətlərdə hər hansı üçüncü dövlətin maraq və mənafelərinə zidd addımlar atmamışıq. Bu gün də belədir, əminəm ki, sabah da belə olacaq. Çünki Azərbaycanın xarici siyasətinin bu fundamental prinsiplərinin əsası ulu öndər Heydər Əliyev tərəfindən belə qoyulub, prezident İlham Əliyev də Azərbaycana ciddi uğurlar qazandıran bu siyasəti davam etdirir.

Digər tərəfdən, Azərbaycan özünün milli təhlükəsizliyini təmin etmək üçün, işğal olunmuş torpaqlarını azad etmək üçün dünyanın bir sıra ölkələri ilə, o cümlədən İsraillə hərbi əməkdaşlıq edir. İranın buna qarşı da söz deməyə haqqı yoxdur. Çünki biz İrandan müəyyən silahların alınması ilə bağlı təkliflər irəli sürsək də, bu günədək onlara müsbət cavab verməyiblər.

Bundan başqa, İsraillə münasibətlərdə nəinki İranın maraq və mənafelərinə zidd addım atmayıb, hətta Fələstin dövlətinin maraqlarını nəzərə alıb. Bir neçə il əvvəl Fələstinin dövlət başçısı Mahmud Abbas Bakıda yüksək səviyyədə qarşılandı, görüşlər keçirildi. Bu gün Azərbaycan Fələstini dövlət kimi tanıyır və əlaqələrini inkişaf etdirir. Amma İran bunun müqabilində müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarını işğal edən, 20 ildən çox müddətdə bu işğalı davam etdirən, Xocalı soyqırımını törədən Ermənistana qucaq açmaqda, onunla münasibətlərini yüksək səviyyədə qurmaqda davam edir. Əgər bizim 40 milyona yaxın soydaşımızın yaşadığı və dinimiz bir olan İran da Ermənistana qarşı qardaş Türkiyə kimi sanksiyalar tətbiq etsəydi, Ermənistan çoxdan zəifləyərək işğal olunmuş torpaqlarımızdan rədd olub gedə bilərdi. Lakin bu gün Ermənistana qucaq açan ölkələrdən biri də İrandır. Bu isə bizdə çox böyük təəssüf doğurur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.