Üz-gözünü bağlamaq oğruya kömək etmədi

Day.Az представляет новость на азербайджанском языке

Şəmkirdə 1 həftə bundan öncə yarılan mağazanın qarətçisi ələ keçib. 21 yaşlı gəncin xüsusi ustalıqla etdiyi bu əməl mağazada quraşdırılan təhlükəsizlik kamerasına düşüb. Lakin kameradan yayına bilən şəxs polisdən qaça bilməyib.

ARB TV xəbər verir ki, Şəmkir sakini Eyvaz Əliyevin ona məxsus mağazadan oğurluq edilməsi barədə polisə müraciəti cinayətin üstünün açılması baxımından özünü çox gözlətməyib. Müşahidə kamerasına düşməmək üçün üz-gözünü bağlayaraq pəncərədən içəri daxil olan şəxsi polis tez bir zamanda müəyyən edib. Mağazadan nəğd pul, müxtəlif operatorlara məxsus danışıq kartları və tütün məmulatları oğurlandığı barədə Eyvaz Əliyev qarətin səhəri gün xəbər tutub.

Eyvaz Əliyev - zərərçəkən şəxs: "Qapı bağlı vəziyyətdə idi. İçəri girdim ki, oranı alt-üst ediblər. Bir də baxdım ki, pəncərə açıqdır. Sonra kameradan baxdım, gəlib əvvəlcə əməliyyat edib. Sonra məhlədən içəri daxil olub".

Bu yolla mağaza sahibinə 1500 manat ziyan vuran şəxsin kimliyini polis kamera görüntüləri, eləcə də operativ əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirib. Rayon sakini 21 yaşlı Musa Hüseynov tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxsin qarət barədə planı əvvəlcədən məlum imiş.

Musa Hüseynov - saxlanılan şəxs: "Üzümə şarf bağlamışdım. Başımda isə papaq vardı. İçəri girib kontur, pul bir də siqaret götürüb çıxmışam".

Hazırda Musa Hüseynovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır. Hüseynovun digər cinayətlərdə iştirakı araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: