"Nəsimi"nin Fatiməsi: "Canımı, həyatımı, hər şeyimi qoymuşam, sevgi vermişəm"

Day.Az представляет новость на азербайджанском языке

"Nəsimi"nin Fatiməsi, "Tütək səsi"nin Millisi, Həsən Seyidbəylinin sevimli aktrisası... Onu belə tanıyıb sevmişik. Bu gun filmlərdən çox seriallara çəkilir. Deyir "seriallar olmasa, artistlər açından ölər".

Əməkdar artist Xalidə Quliyevanın Milli.Az-a müsahibəsini təqdim edirik.

- Vaxtilə Həsən Seyidbəyli, Rasim Ocaqov kimi görkəmli rejissorların filmlərində rol almısınız. Bu gün daha çox gənc və o qədər də tanınmayan rejissorlarla çalışırsınız. Bu, sizə çətinlik yaratmır ki?

- Yəqin ki, sözlərimlə sizə Amerika açmayacam. İndi çəkənlər də, çəkilənlər də hamısı yaxşı bilir ki, nə çəkirlər və nəyə oynayırlar. İndiki cavanları nəzərdə tuturam, bu gün kino sənəti o qədər müasirləşib ki, rejissor sənət səviyyəsində bir müəllif filmi çəksə, inanın ki, o filmə baxmağa kinoteatra bir adam da gəlməyəcək. Mən bunun şahidi olmuşam. Elçin Musaoğlunun "Nabat" filmi kinoteatrlarda göstəriləndə mən on nəfər gənci götürüb filmə baxmağa getdik. Kassanın birinin qarşısı dolu idi, o birisində isə heç kim yox idi. Mən kassadakı qızdan soruşdum ki, "Nabat" filmi üçün boş yerlər varmı?Dedi ki, kompüterə baxın, yaşıl işıq yanırsa, boş yerlər var. Baxdım ki, hamısı yaşıl işıqdır. Zalda bizdən başqa heç kim yox idi.

- Zəif filmlərin çəkilməsinin əsas səbəbini nəylə izah edirsiniz?

- Filmi çəkən qoyduğu xərci götürməldir axı. Ona görə sənət əsərləri yaranmır. Bu da nəticə etibarı ilə xalqı, tamaşaçını deqrodasiyaya uğradır. Deqrodasiya ona gətirib çıxarır ki, biz sənət əsərlərinə baxmırıq. Amma SSRİ-nin vaxtında müəllif filminə baxmaq üçün üç gün kassada növbə gözləməliydin.

- Sənət əsərləri yaranmamasına rəğmən, amma siz bu gün də çəkilirsiniz...

- Mən hazırda seriallara çəkilirəm. Mən özümü elə rejimə saldım ki, deməsinlər bu aktrisa köhnədən qalıb, heç nəyi bəyənmir. Gənclərə kömək elədim, onları sevdim. Bu seriallara rəng qatmaq, kömək etmək məqsədilə işimə çox ciddi yanaşdım. Hesab elədim ki, böyük bir rejissorla işləyirəm.

- Amma bu gün bir çox tanınmış həmkarlarınız var ki, seriallara çəkilməkdən imtina edir...

- Mən elə düşünmürəm. Məsələn, Rasim Balayev "Bir ovuc torpaq" filmində çəkildi. Şükufə Yusupova kimi bir atrisa komik janrda serialda baş rolu oynadı. Fuad Poladov da çəkilib.

- Bir filmlə iş bitmir axı. Rasim Balayev özü etiraf edib ki, yaxşı film olacaqsa, çəkiləcək, olmazsa, oturub gözləyəcək...

- Bu gün Bakıda ekologiya çox çirklidir, onda gərək biz bu havanı udmayaq? Mən Həsən Seyidbəylinin filmlərində qoyduğum potensialı indi də ortaya qoyuram, "xaltura" eləmirəm. Sonunda bu, mənim işimdir. İndi başqa zamandır, təəssüflər olsun ki, maddiləşmiş bir dönəmdə yaşayırıq. Əvvəllər mağazaya çörək gətiriləndə ətri adamı vururdu, amma indiki çörəklərə o qədər maddələr vurulur ki, ətri də hiss olunmur. Amma yenə də gedib alırıq, acından ölməyəcəyik ki. Mən əvvəllər çörək bişirirdim, indi bişirə bilmirəm. O üç saatda yüz çörəyin pulu çıxırdı. Elektrik enerjisini nəzərdə tuturam. İndi bunu eləmək olar?

- Etiraf edin ki, həm də dolanışıq naminə çəkilirsiniz.

- Əlbəttə, serialdan qonorarımızı həvəslə alırıq. Serial olmasa, artistlər acından ölər. Filmə çəkiləndə az qonorar verilir. Digər tərəfdən sovet dönəmindən bəri çəkilən hər filmlə şedevr yaratmamışıq ki. Mən bu yaxınlarda bir rejissora məsləhət gördüm ki, müəllif filmi çəksin. Dedi ki, yox, mən kassaya işələyən film çəkəcəm. Çünki dolanmalıdır, çörək yeməlidir. Varlanmaq haqqında söhbət gedə bilməz e, adam artıq tikəyə möhtacdır.

- Barı qonorar zamanı sizinlə həvəskar, yaxud gənc aktyorlara fərq qoyulurmu?

- Rolun yükündən asılıdır. Sovet dönəmində də belə idi. Mənə bu yaxınlarda "Cehizsiz gəlinlər" serialında aylıq məvacib verdilər. Baş rol deyildi. Heç kimdən artıq da almadım, amma az da olmadı. İşə münasibətimə qiymət verilir.

- Formalaşmış və peşəkar aktrisa olaraq hələ yetişməmiş aktyorlarla, yaxud rejissorla işləmək çətinlik yaratmır ki?

- Mən onlara nümunə olmağa çalışıram. Ssenarini əvvəldən alıb evdə oxuyuram, daha sonra fikirlərimi rejissora deyirəm.

- Bəzən seriallara çəkildiyinizə görə sizi qınayanlar, tənqid edənlər olur?

- Olub. Daha çox mənfi rollarıma görə məni qınayıblar. Deyiblər ki, sizin kimi aktrisa gərək belə rollara çəkilməsin.

- Reaksiyanız necə olur bəs?

- Hörmətlə yanaşıram. Kiminsə fikrinə görə işimi qurmuram. İçimdən gələn səsə qulaq asıram. Onsuz da, teatrda da, kinoda da vəziyyət eynidir. Hələ sovetin vaxtında Berqmanın filmləri çəkiləndə Azərbaycanda "Əhməd haradadır?" çəklirdi. Nəyimiz var odur da.

- Yəni "Əhməd haradadır?" pis filmdir ki?

- Sən o filmə baxmısan?

- Dəfələrlə...

- Berqmanın filmləri ilə müqafisədə fərq yerlə göy qədərdir. Böyük miqyasda fiikrləşəndə sənətdən söhbət gedə bilməz. Özümüz çalıb özümüz də oynayırıq.

- Deyirsiniz yəni, dünya çapında filmlərimiz yoxdur?

- Demək olar ki, yox. "Arşın mal olan", "O olmasın bu olsun" tanınıb, o da milli məqamlara görə. Mənəviyyatımız, milli dəyərlərimiz haqqında filmlər çəkməliyik. İran filmləri dünyada məşhurdur. Ona görə ki, küçələrini, evlərini, oturuşlarını-duruşlarını, qadın-kişi münasibətlərini çəkib göstərirlər. Bu da dünya üçün çox maraqlıdır.

- Mən kinoşünas deyiləm, amma bilirəm ki, "Şərikli çörək" filmimiz dünyaya çıxarılası filmdir.

- Razıyam. "Bizim Cəbiş müəllim" də həmçinin. Həsən Seyidbəylinin "Sən niyə susursan" filmini bu gün Kann festivalına göndərmək olar. Seyidbəyli İtaliyada məşhur olan neorealizm cərəyanını Azərbaycana gətirən rejissordur. Məsələn, "Yarasa", "Yaramaz", Arif Babayevin filmlərini dünyaya çıxarmaq olar. Elçin Musaoğlunun "40-cı qapı", "Nabat" beynəlxalq festivallarda ödüllər alıb. Zamanında da bir çox filmlərimiz ödüllər alıb. Sadəcə olaraq, "perestroyka" dövründə evimizi yıxdılar, kinoda da tənəzzül oldu.

- Təəssüf ki, bu tənəzzül hələ də davam edir. Bəs çıxış yolu yoxdurmu?

- Kadr yetişdirilməlidir. Rejissor, operator, qrimçilər olmalıdır. Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət və İncəsənət İnstitutunu bitirən məzunların bir neçəsini xarici ölkələrə göndərməlidir. Ya da kimsə öz hesabına təhsil alıb, gəlib film çəkməlidir.

- Son 15 ildə hansı uğurlu filmimizin adını çəkərdiniz?

- Elxan Cəfərovun "Dolu", "Yarımçıq xatirələr" filmləri sənət əsərləridir. Elxan istedadlı və zəhmətkeş rejissordur. Elçin Musaoğlu çox ciddi sənətkardır. Çox istərdim onunla işləyim. Bu gün çəkilən filmlərdən "Nabat" uğurlu sənət əsəridir.

- Tarixi filmlər də çəkildi - "Cavadxan","Sübhün səfiri", "Cavid ömrü" - bəs onlar?

- Mən sənət nöqteyi nəzərdən sadaladım adlarını. Mənə toxunan filmlərdən danışdım.

- Bəs özünüzün elə bir rolunuz oldumu ürəyinizdən tikan çıxarsın?

- Elə bir filmə çəkilməmişəm axı. Tikan hələ çıxmayıb hələ orada qalıb (gülür).

- Sofi Loren, Elizabet Teylor və digər şöhrətli aktrisaların gözəllik sirləri olub. Sofi Loren hətta bu barədə kitab da yazıb. Bəlkə siz də gözəllik sirlərinizi bizimlə paylaşasınız..

- Mən gözələm ki?

- Əlbəttə...

- Ay can, çox sağ ol. Genimizdə var, bacım, qardaşım yaşından cavan görünür, bir də həyatsevərəm. Bu vəziyyətlə, bu yaşamımla, ictimai-sosial durumla yenə də razıyam. Şikayət eləmirəm. Mənə deyirlər içindəki uşaq səni qocalmağa qoymur. Əlbəttə, qulluq üçün maskalardan da istifadə edirəm.

- Sənət adamlarının əksəriyyəti həyat yoldaşı ilə sona qədər yürüyə bilmir. İllərdir birlikdəsiniz. Bərabər olmağınız üçün daha çox cəfa çəkən kim olub?

- Oh, oh, oh... Canımı, həyatımı, hər şeyimi qoymuşam, sevgi vermişəm, evdəkilərin hamısı bu sevginin qabağında aciz olub, əllərini qaldırıb deyiblər "biz təslim". İndi əzizlərimi o qədər çox sevirəm, əlimdən heç yana qaça bilməyiblər.

- Bəs bu sevginin qarşılığını ala bilmisinizmi?

- Vacib deyil ki, alasan. Sevgini qarşılıq almaq üçün vermirsən ki... Mən, sadəcə, bu cür yaşayıram. Başqa cür yaşaya bilmərəm. Ailəni, həyat yoldaşını, uşaqlarını düşünürsən, məişət adamın ömrünü alır əlindən. Amma yenə də narazı deyiləm. Deyirəm bu da olmaya bilərdi. Hər şey əladır.

- Həyat həm də səhnədir. Həyatda, yoxsa çəkiliş meydançasında daha yaxşı oynamısınız?

- Həyat texnikasına qətiyyən yiyələnməmişəm. Həmişə səmimi olmağa çalışıram. Heç vaxt qarşımdakı adama yuxarıdan aşağı baxmıram. Hətta mən filmə çəkiləndə də tamaşaçımı düşünürəm. Deyirəm onlar məndən qat-qat ağıllıdır, elə oynayım ki, onların qarşısında gic vəziyyətə qalmayım. Tamaşaçıma çox hörmətlə yanaşıram.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.