Azərbaycanda turistlərin təhlükəsizliyi ilə bağlı YENİ TƏLƏBLƏR

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda turizm təşkilatçıları qarşısında turistlərin təhlükəsizliyinin təminatı ilə bağlı bir çox vacib tələblər qoyulur.

Day.Az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinə əsasən, turizm təşkilatçıları beynəlxalq turizm zamanı turistlərə və ekskursantlara səyahətlərin xüsusiyyətləri, habelə səyahət zamanı onların rast gələ biləcəkləri, onların həyat və sağlamlıqlarını, əmlaklarının sağlamlığını təhdid edən təhlükələr barədə müfəssəl məlumat verməyə borcludurlar. Bu məlumatlar yazılı və şifahi formada verilə bilər. Məcburi qaydada yazılı surətdə verilməli olan məlumatların siyahısı nəzarət orqanı tərəfindən müəyyən ediləcək.

Turistlər və ekskursantlarla bağlı təhlükələr barədə məlumatın verilməsi üzrə vəzifələr turoperatorlarla turagentlər arasında qarşılıqlı razılığa əsasən, bölüşdürülməlidir.

Layihəyə əsasən, turizm təşkilatçıları tur zamanı turistlərin, ekskursiya zamanı ekskursantların rastlaşdığı fövqəladə hadisələr, həmçinin getmə turizm zamanı səyahətdən qayıtmamış turistlər və ekskursantlar barədə nəzarət orqanına və turistin yaxın qohumuna təxirə salınmadan məlumat verməlidirlər.

Layihədə qeyd edilir ki, Turizmin İnkişafına dair Dövlət Proqramında turizm sənayesinin təhlükəsizliyinə dair müddəalar nəzərdə tutulmalı, eyni zamanda, turizm təhlükəsizliyi üzrə tədbirlər planı hazırlanaraq həyata keçirilməlidir. Turizm təşkilatçıları bu planda nəzərdə tutulmuş, habelə nəzarət orqanının turistlərin təhlükəsizliyinə dair tələblərini yerinə yetirməyə borcludurlar.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Trend-ə deyib ki, turistlərin təhükəsizliyi ilə bağlı məsələlərin sözügedən qanun layihəsinə daxil edilməsi olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, turizm təşkilatçılarının işi yalnız turizm yollayışı satmaqla bitməli deyil. Turizm təşkilatçıları turistlərə mütləq səyahət zamanı onların rast gələ biləcəkləri, onların həyat və sağlamlıqlarını, əmlaklarının sağlamlığını təhdid edən təhlükələr barədə müfəssəl məlumat verməlidirlər.

M.Ağakərimov əlavə edib ki, getmə turizm zamanı səyahətdən qayıtmamış turistlər barədə nəzarət orqanına və turistin yaxın qohumuna təxirə salınmadan məlumat verilməsi də olduqca vacibdir:

"Çünki 1990-cı illərdə bir çox Azərbaycan vətəndaşları turist adı ilə Avropa ölkələrinə gedib qayıtmayıblar. Buna görə də bu məsələlərin qanun layihəsinə daxil edilməsi çox vacibdir. Ümumiyyətlə, bu layihədə xüsusi diqqətə çatdırılır ki, turizm təşklatçısı səhlənkar olmamalı, hər bir turist ilə fərdi olaraq, işləməli və məsuliyyətini dərk etməlidir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.