Bu il 200-dək ailə Cocuq Mərcanlıda məskunlaşa bilər

Day.Az представляет новость на азербайджанском языке

2017-ci ilin sonuna kimi 200-ə yaxın məcburi köçkün ailəsi Cəbrayıl rayonunun yaşayış üçün təhlükəsiz olan Cocuq Mərcanlı kəndindəki evlərə köçəcəklər.

Milli.Az xəbər verir ki, bunu Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib.

Onun sözlərinə görə, 200-ə yaxın məcburi köçkün ailəsi öz evlərinə qayıtmaq istədiklərini bildiriblər: "Hazırda evlərin sənədləşdirilməsi və pasportlaşdırılması, eləcə də 150-200 ailələlik infrastrukturun bərpasını nəzərdə tutan baş planın hazırlanması üzrə işlər gedir".

Qeyd edək ki, 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələ Təpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.

Xatırladaq ki, prezident İlham Əliyev bir neçə gün əvvəl "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.