"Bakı bu görüş üçün təsadüfən seçilmədi"

Day.Az представляет новость на азербайджанском языке

Milli.Az xəbər verir ki, bu gün Bakıda Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Lakin görüşün niyə məhz Bakıda, Azərbaycanda keçirilməsi böyük maraq doğurur. Həm bu, həm də görüşdə müzakirə edilən mövzularla bağlı məsələləri Milli.Az-a təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev şərh edib. Obildirib ki, bu, ilk növbədə Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslı siyasətin Rusiya və ABŞ kimi dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən də hörmətlə qəbul edilməsinin təsdiqidir: 

"Əvvəla, çox müsbət haldır ki, Danford və Gerasimov görüş üçün məhz Azərbaycanı seçiblər. Baxmayaraq ki, müzakirə obyekti böyük ehtimalla həm Suriya məsələsi, həm də digər regional məsələlər və münaqişələr olub. Bu çərçivədə, çox güman ki, Dağlıq Qarabağ probleminə də toxunulub.  Lakin bütün hallarda görüş üçün məhz Bakının seçilməsi təqdirəlayiq haldır".

Ekspertin fikrincə, görüşün məhz Bakıda keçirilməsinə təkan verən amillərdən ən əsası Azərbaycan dövlətinin bu gün yürütdüyü siyasət olub:  

"Məlumdur ki, Azərbaycanın həm Rusiya, həm ABŞ-la müvafiq tərəfdaşlıq əlaqələri var və onlar yüksələn xətlə inkişaf edir. Burada prezident İlham Əliyevin də müstəsna rolunu qeyd etmək lazımdır. Dövlət başçısının həm Donald Tramp, həm də Vladimir Putinlə ikitərəfli münasibətləri də buna təkan verib. Bundan başqa, Suriyaya yaxın müxtəlif dövlətlər var, amma məsələlərin müzakirəsi üçün məhz Bakı seçilibsə, bu göstərir ki, Azərbaycana etimad böyükdür. Həmçinin, Azərbaycanın bir müddət BMT Təhlükəsizlik Şurasının üzvü olmasını da unutmaq lazım deyil. Ölkəmiz dünyadakı sülhməramlı missiyalarda iştirakı ilə də tanınır. Azərbaycan həm Əfqanıstan və İraqda sülhməramlı əməliyyatlarda iştirak edib, həm də Rusiya ilə hərbi-texniki sahədə yüksək səviyyədə əməkdaşlıq edir. Yəni Azərbaycanın regiondakı bütün hərbi-siyasi məsələlərdə müsbət mənada iştirakı Bakının bu görüşə ev sahibliyi etməsinə təsir edən amillərdəndir. Regional məsələlərin həllində, eləcə də digər məsələlərdə Azərbaycan-Rusiya və Azərbaycan-ABŞ yaxınlaşması göz önündədir. Ona görə də Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıqları da bunu deməyə əsas verir ki, Bakı bu görüş üçün təsadüfən seçilməyib. Bütün bunları nəzərər alaraq demək olar ki, belə bir yüksək səviyyəli görüşün Azərbaycan paytaxtında baş tutması yalnız müsbət qiymətləndirilməlidir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.