Polkovnik Manuxin: "Ermənilər bu görüşdən qorxuya düşüblər"

Day.Az представляет новость на азербайджанском языке

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün Bakıda keçirilməsi bizim üçün xoş və sevindirici hadisədir. Bu, ilk növbədə, Azərbaycana hörmətin göstəricisidir.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, istefada olan polkovnik Konstantin Manuxin deyib.

Polkovnikin fikrincə, dünyanın iki qüdrətli dövlətinin görüş üçün Bakını seçməsi, demək olar ki, tarixi bir hadisədir: "Deməli, Rusiya da, ABŞ-da regionla, o cümlədən Azərbaycanla sıx əməkdaşlıq edəcəklər. Əgər Azərbaycanın geosiyasi yerləşməsinə baxsaq, görərik ki, bu, bölgədə bir qovşaq, Şimalla Cənubun, Qərblə Şərqin birləşməsidir. Çox əlamətdardır ki, Bakı belə bir görüş üçün cəlbedici yer olub. Şübhəsiz ki, bu görüşün gerçəkləşməsində prezident İlham Əliyev də mühüm fiqur olub".

Hərbi ekspert qeyd edib ki, belə bir görüşün Bakıda keçiriləcəyini bilən ermənilər ciddi qorxuya düşüblər: "Böyük ehtimalla, şübhəsiz, Qarabağ probleminin həlli ilə bağlı məsələnin müzakirəsi də görüşün Bakıda gerçəkləşməsinə təsir edib. Rusiya ilə Amerika bu məsələdə maraqların sərhədlərini tapmaq istəyirlər. Çünki onlar da ATƏT-in Minsk qrupunun həmsədrləri kimi danışıqlar prosesinin iştirakçılarıdırlar. Ona görə də ola bilər ki, onlar bu məsələni müzakirə edərək yerindən tərpətsinlər. Bu faktın xeyrimizə işləyə biləcəyi düşmənlərimizdə, ermənilərdə böyük qorxu yaradıb. Onlar dərhal hiss etdilər ki, dünyanın iki gözəçarpan şəxsi, iki Baş qərargah rəisi Bakıda görüşür, amma Ermənistan, ümumiyyətlə, heç kimin yadına düşmür.

Buna baxmayaraq K.Manuxin hesab edir ki, görüşün nəticələri barədə əvvəlcədən nəsə demək düzgün deyil: "Təbii ki, biz hələ görüşdə hansı nəticələrin əldə ediləcəyini bilmirik. Ona görə də gəlin bir az gözləyək görək hansı razılaşmalar olacaq, qətnamələr qəbul ediləcək. Ola bilər ki, Suriya məsələsi, Suriya üzrə qarşılıqlı münasibətləri müzakirə etsinlər. Hər halda Bakı Suriyaya Minsk və Kiyevə nisbətən daha yaxındır".

Ekspertin qənaətincə, görüşdə Ukraynadakı Krım və Donbas məsələsinin müzakirə ediləcəyi ehtimalı azdır: "İstisna deyil ki, bu məsələyə toxunulsun, amma hər halda hesab edirəm ki, tərəflərin bu barədə müzakirə aparması hələ tezdir. Əgər ABŞ-ın yeni prezidenti bu məsələdə öz mövqeyini qəti müəyyən etməyibsə, çətin ki, bu mövzuya baxılsın. Çünki Trampın son açıqlamarı, tvitləri göstərir ki, onun bu məsələdə fikirləri hələ çox dumanlıdır, tutqundur və ciddi etibar doğurmur. Ona görə də nə qədər ki, Tramp məsələsini özü müəyyən etməyib, tərəflərin bu məsələyə toxunacağını söyləmək çətindir. Hər halda fikrimcə, onlar buna hazır deyillər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.