"Beynəlxalq aləmdə Azərbaycana böyük etimad var"

Day.Az представляет новость на азербайджанском языке

Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danford ilə Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Azərbaycanın paytaxtında keçirilən görüşü böyük siyasi əhəmiyyəti olan hadisədir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Milli Məclisin deputatı, professor Elman Nəsirov bildirib.

Elman Nəsirov deyib ki, iki nəhəng dövlət həm ikitərəfli münasibətlərinin bu günü və gələcəyi, həm də regional təhlükəsizlik məsələlərini, dünyanı narahat edən mürəkkəb məsələləri müzakirə etmək üçün məhz Bakı şəhərini seçib. Bakının görüş məkanı kimi seçilməsi ona dəlalət edir ki, Azərbaycan, sözün həqiqi mənasında, dünyanın ən sabit, ən təhlükəsiz ölkələrindən birinə çevrilib. İkincisi, bu, onun təsdiqidir ki, Prezident İlham Əliyev olduqca balanslı, çevik siyasət həyata keçirir və bu siyasətin gətirdiyi divident həm ABŞ-ın, həm də Rusiyanın diqqətini cəlb edib. Belə bir siyasət ilk növbədə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə söykənir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasına iki il müddətinə qeyri-daimi üzv seçilmiş, iki dəfə Şuraya sədrlik etmişdi. Azərbaycan bu gün beynəlxalq təhlükəsizliyə çox ciddi töhfələr verir. Bütün bu reallıqlar heç şübhəsiz ki, iki supergüc dövlətin hərbi sahədə önəmli generallarının Bakıda bir araya gəlməsini şərtləndirən əsas amillərdəndir.

Deputat vurğulayıb ki, Bakıda baş tutan bu görüş, sözün həqiqi mənasında, Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə güclənməsi üçün yeni imkanlar açacaq. Bu. Azərbaycan üçün yeni dividentlər qazandıracaq və ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənəcək. Onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycan paytaxtı yenidən bütün dünyanın kütləvi informasiya vasitələrinin diqqətində oldu. Hamı dünyanın ən təhlükəsiz ölkələrindən biri olan Azərbaycanın paytaxtında iki nəhəng dövlətin yüksək rütbəli generallarının görüşünü maraqla izlədi. Bütün bunlar təbii ki, Azərbaycanın beynəlxalq aləmdə tutduğu yeri təsdiqləyən faktlardır.

"Bu görüş həm də ona görə Bakıda keçirildi ki, Azərbaycan Prezidentinin özünə beynəlxalq aləmdə, xüsusilə ABŞ-da və Rusiyada çox böyük etimad var. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasət sayəsində bizim həm ABŞ ilə, həm də Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərimiz formalaşıb. Bu gün Azərbaycanın paytaxtı həllini gözləyən problemlərin müzakirə olunduğu bir məkana çevrilib. Bu, bir daha Azərbaycanın beynəlxalq siyasətdə oynadığı böyük roldan xəbər verir. Azərbaycan coğrafi baxımdan o qədər böyük ölkə olmasa da, sözünün çəkisi böyükdür. ABŞ-ın və Rusiyanın baş qərargah rəislərinin Azərbaycanın paytaxtını görüş yeri seçməsi həm də ölkəmizin sözünün önəm kəsb etməsi ilə bağlıdır", - deyə Elman Nəsirov qeyd edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.