Yol polisi Bakıda gücləndirilmiş rejimə keçdi

Day.Az представляет новость на азербайджанском языке

Qarlı hava şəraiti ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yollarda hərəkəti tənzimləmək üçün gücləndirilmiş iş rejiminə keçib.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saat 4 radələrindən etibarən Bakı Şəhər Dövlət Yol Polisi ilə Bakı Şəhər İcra Hakimiyyətinin Qış Qarajı avtomobil yollarının qardan təmizlənməsinə başlayıb:

"Buna baxmayaraq, bəzi ərazilərdə, paytaxtın yüksəklik yerlərində, eniş-yoxuşlu yollarında sürüşmə ehtimalları var. Hələ də Bakı ərazisinə qar yağmaqda davam edir. Xüsusi texnikalarla avtomobil yollarına, sürüşmə ehtimalı olan ərazilərə qum və duz qarışığı səpilir, yollarda avtomobillərin hərəkəti təmin edilir. Hazırda paytaxt yolları avtomobillərin hərəkəti üçün açıqdır. Sürücülərdən xahiş edirik ki, hava şəraiti ilə əlaqədar mümkün qədər şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyatın hərəkətinə üstünlük versinlər. Eyni zamanda, piyadalar onlar üçün nəzərdə tutulan yol və keçidlərdən istifadə etsinlər. Qar azyaşlı paytaxt sakinlərinin də sevincinə səbəb olub. Valideynlərdən xahiş edirik ki, azyaşlıları yollarda nəzarətsiz buraxmasınlar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.