"Azərbaycan bölgədə bir sülh platformasına çevrilir"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanın beynəlxalq əlaqələri getdikcə daha da güclənir. Bir neçə il əvvəllə müqayisədə ölkəmiz artıq həm bölgədə, həm də dünyada kifayət qədər böyük nüfuza və rola malikdir".

Day.Az bildirir ki, bu barədə Milli.Az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsi barədə fikirlərinə münasibətində bildirib.

Onun sözlərinə görə, respublikamız nəinki region, bütün dünya üçün böyük əhəmiyyət kəsb etməyə başlayıb: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır və bu istiqamətdə Avropanın enerji diversifikasiyası məhz Azərbaycanın uğurlu layihələri ilə bilavasitə bağlıdır. Bundan başqa Azərbaycan Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizi sistemi yaradır. Bu dəhliz Asiya ilə Avropanın ticari mübadiləsini daha da fəallaşdıracaq və nəticədə həm Orta Asiya ölkələrinin dünya bazarlarına çıxını təmin edəcək, həm də Avropadan Asiyaya yüklərin nəql edilməsi işi asanlaşdıracaq".

Bundan əlavə, millət vəkili qeyd edib ki, Azərbaycan artıq dünyaya nümunəvi modellər təqdim edir:

"Azərbaycanın nümunəvi rolu bütün dünyada qəbul edilir. Söhbət ölkəmizdə fərqli dinlərin, millətlərin, bir-birilə əməkdaşlıq və qarşılıqlı hörmət sistemi tolerantlıqdan fərqli əsasda formalaşan təcrübədir. Dünyada çox təhlükəli proseslər getdiyinə görə, Azərbaycanın belə bir müsbət təcrübəsi dünya tərəfindən də qəbul edilir.

Həmçinin Bakıda müxtəlif beynəlxalq forumların, eləcə də ABŞ və Rusya Silahlı Qüvvələrinin rəhblərinin dialoqunun keçirilməsi göstərir ki, Azərbaycan bölgədə bir sülh platformasına çevrilir. Azərbaycan öz təcrübəsini bölüşərək dünyada məhz belə bir sistemin formalaşmasına çağırır.

Əvəzində Azərbaycan dünyadan yalnız bir şey gözləyir. Bölgədə sülh yaratmaq məqsədilə Dağlıq Qarabağ probleminin həllində beynəlxalq hüquq normalarını həyata keçirmək üçün Azərbaycana dəstək lazımdır. Təsadüfi deyil ki, Azərbaycanın xarici siyasəti də qarşılıqlı hörmət əsasında formalaşıb".

Qeyd edək ki, təkcə bu ilin ilk rübündə Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, apardığı danışıqlar Azərbaycanın dünyada nüfuzunun yüksəlməsinə, ölkəmizin ikitərəfli və çoxtərəfli əlaqələrinin möhkəmlənməsinə xidmət edib. Eyni zamanda cari ildə 7 dövlət başçısının Azərbaycana səfər etməsi dünyada ölkəmizə olan hörmətin göstəricilərindən hesab edilir. Fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu ictimai-siyasi xadimlərin Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirakı, həmçinin ABŞ və Rusiya silahlı qüvvələrinin qərargah rəislərinin ölkəmizdə görüşü Azərbaycanın dünyadakı rolunu və yüksək nüfuzunu əks etdirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.