"Forumun keçirilməsi Azərbaycanın öz dəyərlərini dünyaya tanıtması üçün gözəl imkandır"
Day.Az представляет новость на азербайджанском языке
"IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi Azərbaycanın öz dəyərlərini dünyaya tanıtması üçün gözəl imkandır".
Day.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi bu forumlarda fərqli dilləri olan, fərqli etnik qruplara mənsub olan insanlar arasında, eyni bir müstəvidə, qarşılıqlı əməkdaşlıq şəraitində bölünür: "Hesab edirəm ki, belə bir təcrübənin bölüşdürülməsi dünya üçün çox mühümdür. Dünyanın bir çox yerlərində antisemitizm, islamofobiya, ksenofobiya baş qaldırıb və belə bir məqamda dünyanın bir çox yerlərində bu zəmində artan münaqişələr var. Bu mənada mədəniyyətlərin dialoqu mövzusu populyardır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın çox gözəl mədəniyyətlərarası dialoq təcrübəsi var. Buna görə də bu forum bizim üçün öz təcrübəmizi dünya ilə bölüşə bilmək üçün böyük fürsətdir".
Qeyd edək ki, Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. Mayın 6-dək davam edəcək Forum çərçivəsində bu gün Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci Akademik forumu və YUNESKO-nun İpək Yolu "Onlayn" Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı keçirilir.
Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü də keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.
Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре